Bakıda yol polisi qadın sürücünü yerə çırpdı - VİDEO

Bakıda yol polisi əməkdaşı ilə qadın sürücü arasında gərgin anlar yaşanıb. Sosial şəbəkədə yayılan həmin videonu hadisə şahidlərindən biri qeydə alıb. Videodan görünür ki, polisin “saxla” əmrinə tabe olmayan 99- FH- 475 dövlət nömrə nişanlı avtomobilin qadın sürücüsü polisi avtomobilindən kənarlaşdırmağa cəhd edib. 99- YP- 497 nömrə nişanlı maşında olan Yol Patrul Xidməti (YPX) əməkdaşı isə qadına qarşı kobudluq edərək onu yerə yıxır. Daha sonra öz avtomobilinə pəncərədən minən qadının ardınca polis də eyni yolla maşına daxil olub və onun hərəkətinə mane olub.
 
Sözügedən avtomobildə qadından əlavə bir kişi sərnişin də olub.
 
Məsələyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov da münasibət bildirib. Onun sözlərinə görə, polis Xətai rayonu ərazisində xidmət aparan zaman 99- FH- 475 dövlət nömrə nişanlı avtomobilin qabaq sağ tərəfinin əzik olması, eyni zamanda Nəcəfqulu Zəbiyev küçəsi ilə Babək prospektinin kəsişməsində digər avtomobillərə yol verməməsi faktını aşkarlayıb və ona “saxla” əmri verib:
 
“Sükan arxasında əyləşən qadın isə polisin qanuni tələbinə tabe olmayıb. Görülən tədbirlər nəticəsində Süleyman Vəzirov küçəsində həmin qadın sürücü saxlanılıb. Ondan sənəd istədikdə isə heç bir sənədinin olmadığını bildirib və polis əməkdaşına qarşı nalayiq ifadələr işlədib, təhqir edib. Bununla da kifayətlənməyən qadın sürücü polisin üz nahiyəsinə dırnaqları ilə xəsarət yetirib. Polis qadına reaksiya verdiyi zaman videodan da göründüyü kimi o yıxılır”.
 
Vaqif Əsədov polis əməkdaşının bu addımını özünümüdafiə kimi qiymətləndirib. Onun sözlərinə görə, qadın qaçmağa cəhd etsə də polis maşının pəncərəsindən içəri daxil olaraq onu saxlamağa məcbur olub. Bundan sonra saxlanan şəxslər Xətai Rayon Məhkəməsinin qərarı ilə hər biri 200 manat miqdarında cərimə olunub. Qadını yerə yıxan, vuran polis isə xəstəxanaya yerləşdirilib.
 
Polis əməkdaşı ilə vətəndaş arasında yaranan problemin hüquqi tərflərini açıqlayan hüquqşünas Ərşad Hüseynov bildirdi ki, videoda və onun əlavəsində avtomobilin niyə saxlanılması məlum deyil: “Düzdür, sürücü sərxoş olduğu, sənədləri qaydasında olmadığı, cinayət törətdiyi hallarda avtomobili idarəetmədən kənarlaşdırıla bilər. Ancaq bütün bunların hamısının hüquqi əsası olmalıdır. Məsələn, sürücü sərxoş olduğu halda polis onun maşını idarəetməsinə icazə verməyə, bunun üçün də fiziki qüvvə tətbiq edə bilər. Ancaq fiziki gücdən əvvəl psixoloji söhbət aparmalıdır, onun əməllərinin qanunsuz olduğu başa salınmalıdır”.
 
Ekspert deyib ki, videoda polisin vətəndaşla psixoloji söbətini görmək olmur. Görüntülərdə polis əməkdaşı qadını yerə çırpır ki, bu da peşəkarlıqdan uzaqdır. Digər bir məsələ polis əməkdaşı sürücünün razılığı ilə maşını cərimə meydançasına aparmalıdır. Əgər sürücü narazıdırsa, yalnız evakuator vasitəsilə maşın aparıla bilər. “İstənilən halda orada polisin həmin qadını yerə çırpması hüquqi cəhətdən adekvat addım deyil. Yəqin ki, Daxili İşlər Nazirliyi həmin əməkdaşını cəzalandıracaq”. (ANS PRESS)

Google+ WhatsApp ok.ru