Bakının tarixi silinir-Dəyirmi Masa

İyunun 7-də saat 14:00-də Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi «Bakının tarixi silinir. Vətəndaş cəmiyyəti nə etməlidir?» mövzusunda dəyirmi masa keçirəcək.
 
Cəmiyyətdən AzadlıqRadiosuna verilən xəbərə görə, tədbir Bakıda Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin ofisində -İstiqlaliyyət obeliskinin qarşı tərəfində (İstiqlaliyyət küç., 63-sonuncu mərtəbə) keçirilir.
 
Dəyirmi masada Bakıda şəhərsalma məsələləri, mülkiyyət hüquqlarının pozulması, ekologiya problemləri və texnogen təhlükələr, büdcə vəsaitlərinin xərclənməsi və digər məsələlər müzakirə olunacaq.
 
Müzakirələrdə paytaxtda şəhərin abadlaşdırılması adı altında qanunsuz olaraq sökülən tarixi abidələrin taleyinə xüsusi diqqət yetiriləcək.
 
Dövlətin mühafizəsi altında olan memarlıq binalarının ardıcıl məhv edilməsi keçmiş «Sovetski» küçəsi ərazisində xüsusilə geniş şəkildə həyata keçirilir. Burada XIX əsrin sonları - 20-ci əsrin əvvəllərində tikilmiş 138 binanın çoxu artıq sökülüb.
 
2001-ci il tarixli «Tarixi və mədəniyyət abidələrinin mühafizəsi haqqında» qanuna əsasən, dövlət mühafizəsinə götürülmüş memarlıq abidələrinin siyahısı təsdiq edilib.
 
Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli sərəncamı ilə bütün ölkə ərazisində 8 mindən çox tarixi və mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülüb.
 
2016-cı il mayın 18-də Nazirlər Kabineti «Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında» 2001-ci ildə verdiyi qərarında dəyişikliklər edib.
 
Dəyişikliklərə əsasən, Bakının Yasamal rayonundakı («Sovetski» adlandırılan məhəllə) bəzi yaşayış və qeyri-yaşayış obyektləri «Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı»ndan çıxarılıb.

Google+ WhatsApp ok.ru