Bakı və Abşerondakı qədim sürüşmə sahələrinin aktivləşməsinin səbəbləri açıqlanıb

“Son zamanlar Bakı və Abşeron yarımadasındakı yamaclarda, yamacların qaş hissələrində tikinti-quraşdırma işlərinin vüsət alması, yamacların kəskin yarılması, həyətyanı sahələrin təsərrüfatsızlıqla suvarılması, yeraltı suların tektonik çatlarla səthə çıxması və s. amillər qədim sürüşmə sahələrinin oyanmasına səbəb olur”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.
 
O bildirib ki, bu prosesləri zəiflətmək, hətta qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməklə daim nəzarətdə saxlanılmalıdır: “Əks təqdirdə Bakı və Abşeron yarımadasındakı sürüşmə ehtimalı olan ərazilərdə sürüşmə təhlükəsi qaçılmazdır”.
 
Baş geoloq qeyd edib ki, Bakı şəhəri və onun ətraflarında təhlükəli vəziyyətin yaranmasında geoloji-struktur amillərdən başqa texnogen və antropogen amillər də böyük rol oynayır: “Ona görə də bu tip sahələrdə yaranan təhlükənin qarşısını almaq məqsədilə şəhər ətrafı yamaclarda tikintiyə son qoyulmalı, əraziyə xarakterik əkilmiş ağacların və yaşıllıqların suvarılması müəyyən norma daxilində aparılmalı, yer səthinə çıxan və çirkab sular borulara yığılmaqla ümumi şəhər kanalizasiya xəttinə qoşulmalıdır”. 

Google+ WhatsApp ok.ru