Bayılda 10 ailənin evinə hücum: mülk sahibləri dirəniş göstərir

Sakinlərdən məcburi şəkildə çıxmaq tələb olunub; kompensasiyadan narazı mülk sahibləri dirəniş göstərməkdədir
Bayılda evlərindən çıxmayan ailələrə yenidən hücum olunub. Aprelin 2-də sakinlərdən evlərindən məcburi şəkildə çıxmaq tələb olunub. 6-cı Mədən, Arif İsmayılov küçəsi - 72 “Z” ünvanında yaşayan sakinlər dirəniş göstərməkdədir. 
 
Söküntü işlərini Səbayel rayon İcra Hakimiyyəti həyata keçirir. İcra nümayəndəsi Qurban İsmayılov RİH işçiləri və polislə gələrək 10 ailəni evdən çıxmağa məcbur edir. Artıq yan-yörədəki evlər sökülüb. Bu 10 ailə isə çıxmaqdan imtina edir.   
 
Evsiz-eşiksiz qalan sakinlərin yeganə tələbi yuvalarının yıxılmasına görə ədalətli kompensasiya ödənilməsidir. Onların sözlərinə görə, bəzi mülklərə kvadratına görə 1000 manat, bəzilərinə 1200 manat, hətta bir neçə evə 1500 manatdan kompensasiya ödənilib.
Ancaq sözügedən ünvanda yaşayan bu 10 ailəyə gəlib çatanda kvadratına 800 manatdan kompensasiya ödəniləcəyi bildirilib. Mülki sahibləri də bu təkliflə razılaşmır. Onlar bildirirlər ki, bu məbləğlə Bakıda heç yerdən ev almaq mümkün deyil. 
 
Sakinlər qeyd edirlər ki, hüquqi cəhətdən heç bir qanuna əməl olunmur. Onlara nə bildiriş verilib, nə Qiymətləndirmə Komissiyasının qərarı var. İcra nümayəndəsi olan Q.İsmayılov üç mənzilin üzərinə şərti olaraq 174, 178 və 179 işarələri qoydurub. 
 
Bu da digər 7 ailənin qanunsuz şəkildə mənzilindən məhrum olunması deməkdir. Sakinlər prezidentin çıxışını yada salaraq Bakıda dövlət ehtiyacı üçün sökülən mənzillərə kvadratı 1500 manatdan kompensasiya verilməli olduğunu qeyd edirlər. 
 
Xatırladaq ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında çıxışında qanunsuz tikililərə də kompensasiya ödənildiyini və bu məbləğin hər kvadrat metrə görə 1500 manat olduğunu deyib. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsində göstərilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 
Həmçinin, Mülkü Məcəllənin 180.4-cü maddəsində isə göstərilir ki, bu cür tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. musavat/
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru