Bayram süfrəsi boş qalanlar

Bayram süfrəsi boş qalanlar

«Ötən ilin oktyabrından bu tərəfə ünvanlı sosial yardım gecikməylə ödənilir. İki aydır almamışıq. Deyirdilər, guya bayramda iki aylıq yardımı bir yerdə köçürəcəklər. Bayramqabağı eşitdim ki, pullar köçüb, bankomatın qabağında səhər obaşdan növbə tutdum. Gözlədim, növbəm çatanda baxıram ki, yenə köçməyib».
 
Göyçay sakini Pakizə Nəsrullayeva uşaqlarına Novruz süfrəsi aça bilmədiyi üçün təəssüflənir. Pakizə xanım bu yaxınlaradək şirniyyat sexlərindən birində işləyirmiş. Sahibkar müflis olub işi dayandırandan sonra o da işsiz qalıb.
 
«BALANSI BOŞ GÖRƏNDƏ...»
 
Gözünü ünvanlı sosial yardıma dikən Pakizə xanımı narahat edən yardımın verilməsindəki gecikmələrdir: «117 manat yardım alıram. Onu da 5 aydan çoxdur gecikməylə verirlər. Keçən ayın pulu köçməyib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə zəng vururdum, deyirdilər, «bayramda iki ayın pulu birlikdə köçəcək». Sevindim ki, bayram süfrəsi açaram. Bu da belə...».
 
Pakizə xanımın dörd azyaşlı övladı var. Deyir, martın 19-da bankomata gedəndə uşaqlar da ona qoşulub.
 
«Düşdülər dalımca, dedilər, «ana, gedək pulu alaq, oradan gedək bazara». 1 saatdan çox növbədə dayandıq, kartı yoxladım, balansı boş görəndə küçə başıma dolandı. Kiçik qızım ağladı, çırpdı özünü yerə ki, gedək səməni alaq, şam alaq, qoz-fındıq alaq», – Pakizə xanım sözünün gerisini gətirə bilməyib telefon əlaqəsini kəsir.
 
«XALQI ƏLƏ SALIBLAR»
 
AzadlıqRadiosunun «Qaynar xətt»inə ünvanlı sosial yardımın gecikdirilməsi ilə bağlı hər gün şikayətlər gəlir. Bayramöncəsi bankomat aparatları yardım alanların bir qismini sevindirsə də, bir qisim insan «sehrli qutu»dan üzündə donuq ifadəylə uzaqlaşıb.
 
Məsələn, Bakı sakini Arzu Həziyeva deyir, hətta fevralın da ünvanlı sosial yardımını ala bilməyib. Övladlarını yığıb rayona – qohumlarının yanına gedib, uşaqlara bayram süfrəsini qohumların köməkliyi ilə düzəldib: «142 nömrəli qaynar xətləri var, nə qədər zəng vururuq, eləcə deyir, «gözlə, birləşdirəcəyik». Xeyli gözləyirsən, sonra əlaqə kəsilir. Nazirliyə zəng vururuq, deyirlər, «gərək başqa nazirlik bizə köçürsün ki, biz də sizə verək». Bir sözlə, xalqı ələ salıblar».
 
NAZİRLİK DEYİR, GECİKMƏ YOXDUR
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev AzadlıqRadiosuna bildirib ki, ünvanlı sosial yardımların və müavinətlərin verilməsində problem yoxdur.
 
Sosial məsələlər üzrə ekspert Elşən Mirzəyevsə yardımların gecikməsinin mövcud olduğunu vurğulayır və hesab edir ki, qaynaq Maliyyə Nazirliyidir: «Problem Maliyyə Nazirliyi tərəfindən yaradılıb. Ünvanlı sosial yardımlar bilavasitə büdcədən ayrıldığına görə onun köçürülməsini həmin nazirlik təmin etməlidir. Ancaq nədənsə, heç kəs dərininə getmir və bütün günahlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində axtarılır», – ekspert bildirib.
 
İş günü olmadığından, AzadlıqRadiosu Maliyyə Nazirliyindən suallarına cavab ala bilməyib.
 
Qeyd edək ki, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təminatı 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş və iyulun 1-dən fəaliyyətə başlamış «Ünvanlı dövlət sosial yardımı haqqında» Qanuna əsasən gerçəkləşdirilir. (azadliq.org)
 

Google+ WhatsApp ok.ru