Belə olsa qarşıda bahalaşma gəlir-ekspert

Belə olsa qarşıda bahalaşma gəlir-ekspert

"Bizimyol-info.az"da  "Çindən gətirilən məhsulların bazardan çəkilməsi bahalaşmaya gətirib çıxaracaq" sərlövhəli məqalə diqqəti cəlb edir.
 
Müəllif "Binə" və "Sədərək" Ticarət mərkəzlərində sahibkarların problemlər yaşamaları səbəblərini ekspert Natiq Cəfərli ilə gündmin müzakirəsinə daşıyır.
 
Müəllifin deməsinə görə, sahibkarlar müraciət edərək fəaliyyətlərində çətinlik yaşadıqlarını, son illərdə alınan malların daşıma xərcləri artırıldığını, Çindən, eləcə də Rusiya və Türkiyədən gətirilən məhsulların xərclərinin olduqca bahalaşdığını dilə gətiriblər.
 
Müəllifin bildirməsinə görə, sahibkarlar Çindən karqo xidməti həyata keçirən şirkət rəsmilərinə iradlarını bildirdikdə onlar da problemin Azərbaycan gömrük sistemində olduğu cavabı alıblar.
 
Öz növbəsində isə N.Cəfərli deyir ki, gömrük siyasətinin dəyişilməməsi bu kimi problemləri daha da qabardır və bunların bahalaşmaya səbəb olacağını iddia edir: "Gömrüyün vəzifəsi daxili bazarın qorunması, bazara keyfiyyətsiz, insana zərərli məhsulların buraxılmaması, eyni zamanda ölkə istehsalının dəstəklənilməsidir", ekspert gömrüyün vəzifələrini belə sıralayır.
 
N.Cəfərli deyir ki, Azərbaycanda istehsalı olmayan, hətta istehsalı nəzərdə tutulmayan məhsullara 15 faiz gömrük rüsumu tətbiq edərək xaricdən gətirilən məhsulların artırılması, yaxud da karqo şirkətləri ilə əlbir olub, onlara dəstək verməklə bazara başqa şirkətlərin buraxılmasına imkan verməməsi nəticə etibarilə Azərbaycanda istehlak mallarının qiymətinin bahalaşmasına səbəb olur.
 
Ekspert ölkənin gömrük rəhbərliyinin dövlət büdcəsinə ödənilən vəsaitin həcminin artmasını fəxrlə qeyd etməsinə də münasibət ifadə edib: "Bunun iki səbəbi var, birincisi odur ki, rəsmiləşdirmələr artırılıb.İkincisi də odur ki, rüsumlar artırılıb. Çünki Azərbaycanda çox məntiqsiz bir şkala rejimi - 0 faizdən, 15 faizə qədər olan şkala rejimi var. Yəni, gömrük orqanlarının verdiyi rəyə əsasən o şkalalar müəyyənləşdirilir. Sıfır faiz də ola bilər, 15 faiz də".
 
N.Cəfərliyə görə, gömrük orqanı rəhbərliyinin büdcəyə gömrük orqanları tərəfindən daxil olan vəsaitin artmasını deməsi əslində Azərbaycan vətəndaşının-alıcısının cibindən çıxan vəsaitdir, gömrük orqanı istehsal sahəsi deyil, xidmət sahəsi deyil, kommersiya təşkilatı deyil ki, pul qazansın və qazandığı pulu dövlət büdcəsinə ötürsün".
 
Gömrük orqanı büdcəyə daha çox pul ödəyirsə demək ki, rüsumlardan daha çox pul götürür, rüsumların artması isə biznes çevrələrinə təsirsiz ötüşmür və sahibkarlar da rüsumun qiymətini ölkəyə gətirdiyi məhsulların üzərinə qoyaraq satır ki, bu da ölkə vətəndaşının cibinə zərər vurmaq deməkdir və burada da fəxr ediləsi bir şey yoxdur.
 
N.Cəfərli deyir ki, 25 ildir ki, gömrük problemi gündəmə gəlir, müzakirə olunur, amma təəssüf ki, həlli yolunda ciddi addımlar atılmır və Çindən gətirilən məhsulların Azərbaycan bazarından çəkilməsi bahalaşmaya gətirib çıxardacaq ki, bundan da Azərbaycan vətəndaşı zərər görəcək".
 
Ekspert deyir ki, buna görə də gömrük siyasətinə yenidən baxmaq zərurəti var və bu komitənin ayrıca qurum kimi qalmasına ehtiyac yoxdur, bu siyasət bu formada davam edəcəksə ölkəni qarşıda bahalaşma gözləyir. /contact.az /
 

Google+ WhatsApp ok.ru