`Böhran dağı`

`Böhran dağı`

Azadliq.info saytında "Böhrandan böhran dağı düzəltmək" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif yazır ki, ölkəyə böyük neft pulları gəlsə də, problemlər həll edilməmiş qalıb:
"İndi bu ölkədə "xalqlar həbsxanası" sayılan dövlətin xiffətini çəkənlər, həmin dövrün qayıtmasını istəyənlər var. Yaxud 1 illik AXC hakimiyyətinin gördüyü işləri sadalayırıq, həmin dövrdə görülən işlərin davamını arzulayırıq. Deməli, mövcud hakimiyyət ölkəni elə duruma saldı ki, neft pullarının gəlmədiyi, müstəqilliyin olmadığı günlərə həsəd aparmalı olduq".
 
Yazıda vurğulanır ki, bəzən problemlər müstəqilliyin yenicə əldə edilməsi ilə izah olunur. Ancaq əsas məsələ yarıtmaz idarəçilikdir.
 
Müəllif hesab edir ki, neftin qiymətinin kəskin düşməsi ilə problemlər üzə çıxıb.
 
Yazıda bildirilir ki, hökumətin ölkədəki problemləri qlobal böhranla izah etmək istəməsi də həqiqətləri gizlətməkdir:
"İslahat aparmaq, xalqın güzəranını yaxşılaşdırmaq əvəzinə qiymətlər sürətlə qalxdı. Devalvasiyanın zərəri vətəndaşa yükləndi, iş yerləri bağlandı, cərimələr sərtləşdirildi və mənasız xərclər artırıldı".
 
Müəllif hesab edir ki, onsuz da ağır durumda olan büdcəyə I Avropa Oyunları, «Formula-1» və İslam Həmrəyliyi Oyunları ağır zərbələr vurdu.
 
Yazıda vurğulanır ki, ölkənin problemləri qalıb, indi də Kislovodskidə hansısa sanatoriyanın təmirini öz üzərilərinə götürürlər:
"Bəli, hökumət ölkəni böhrandan çıxarmaq əvəzinə "böhran dağı" yaratmaqla məşğul olur. Ölkəyə investisiya gətirmək, qanunun aliliyini təmin etmək, korrupsiyadan imtina etmək əvəzinə imitasiya ilə məşğul oldular...". /

Google+ WhatsApp ok.ru