Bir ay ərzində Azərbaycanda 998 nikah pozuldu

2016-cı ilin yanvar ayında 4554 nikah qeydiyyata alınıb. Bu barədə Modern.az-a Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova məlumat verib. O qeyd edib ki, bu ilin ilk ayında 998 nikah pozulması olub. 2015-ci ilin müvafiq dövründə isə 5606 nikah, 1147 nikah pozulması dövlət qeydiyyatına alınıb.
 
“2015-ci ilin dekabr ayında isə 5643 nikah, 1101 nikah pozulması qeydə alınıb. Həmçinin 2014-cü ilin müvafiq dövründə 6448 nikah, 1117 nikah pozulması olub”.  
 
R.Kərimova qeyd edib ki, Ailə Məcəlləsinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir.
 
“Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və tibbi məsləhətin verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların müvafiq qeydiyyat orqanına nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir”. /
 

Google+ WhatsApp ok.ru