'Bir ayda suya 250 manat xərcləmişəm'

'Bir ayda suya 250 manat xərcləmişəm'

“Asfaltın altındakı su xətləri çoxdan paslanıb, çürüyüb. Bu küçədə azı 5-6 ildir ki, su qəhətə çıxıb. Təxminən o qədər müddətdir ki, bizi yeni su xətləri çəkiləcəyi ilə aldadırlar”.
 
Bunu AzadlıqRadiosuna Samux rayonu, Vaqif küçəsinin sakinləri deyir. Siyavuş Hüseynovun sözlərinə görə, küçədə azı 30 ailə yaşayır.
 
Bu qədər ailə nə içməyə, nə də həyətyanı sahəsini suvarmağa su tapır:
 
“30 AİLƏ ÇARƏSİZ QALIB”
 
“Yığışıb dəfələrlə getmişik. Hər dəfə yalançı vədlərlə yola salırlar. Asfaltın altındakı su xətləri ilə nə vaxtsa suyun gələcəyinə gümanımız yoxdur, o xətlər çoxdan paslanıb. Yeni su xətlərinin çəkilməsindən də səs-soraq yoxdur. 30 ailə çarəsiz qalıb. Vaxtilə məhəllədə hansı həyətə girsəydin, meyvə ağaclarının sıxlığından addım ata bilməzdin. Hamısı susuzluqdan qurudu. Adamlar da zibilə çevrilən qurumuş ağacları doğrayıb qışda odun kimi istifadə etdilər”.
 
Küçənin başqa sakini Amaliya İsmayılova deyir, illərdir ki, içməli suyu məhəlləyə gələn su maşınından alır, əvvəlki illərə nisbətən, indi suya daha çox pul xərcləyir:
 
“Tutaq ki, keçən il bir ayda su maşınına 200 manat verirdimsə, ondan əvvəl 150 manat verirdim, bu ilsə təkcə bu ay 250 manata qədər pul xərcləmişəm. Ailə böyükdür, natəmizliyə dözümsüzdür, demək olar ki, günaşırı su alırıq. Ət, yağ yemirik ki, pulunu toplayaq su maşınına verək”.
 
“SU PROBLEMİ QALMAYACAQ”
 
Samux rayon icra hakimiyyətindən AzadlıqRadiosuna bildirilib ki, təkcə Vaqif küçəsində yox, ümumiyyətlə, rayon və kəndlərdə su və kanalizasiya xətlərinin yenilənməsi, su təchizatının yaxşılaşdırılması ilə bağlı layihə mövcuddur. Samuxda susuzluq tədricən aradan qaldırılır:
 
“Həm Vaqif küçəsində, həm də ətrafındakı küçələrdə yeraltı su xətləri Sovet vaxtından qalma köhnə xətlərdir və istifadəyə yararsızdır. Layihə çərçivəsində həmin küçələrdə su problemi qalmayacaq”.
 
Qeyd edək ki, Samux rayonunda əhalinin su təminatı sisteminin “Azərsu” ASC tərəfindən hazırlanmış layihə əsasında yenidən qurulmasına hələ 2009-cu ildə Dünya Bankından 5 milyon avro ayrılıb. Lakin rayonun əksər yerlərində hələ də suya həsrət qalanlar var. (azadliq)
 

Google+ WhatsApp ok.ru