Bir məhəllənin güzəranı...

Bir məhəllənin güzəranı...

"Yeni Müsavat" qəzetində isə "Yanğın olsa, bütün evlər külə dönəcək" - unudulmuş Alatavadan reportaj, fotolar" sərlövhəli məqalə diqqəti çəkir".
 
Müəllif Bakıdakı 2-ci Alatava məhəlləsi sakinlərilə söhbətləşir.
 
Müəllif deyir ki, son illər Bakıda pilot layihələr çərçivəsində çoxmərtəbəli yaşayış evləri tiklir, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən köhnə evlərin fasadları dəyişdirilir, yollar genişləndirilir və s. amma, illərdir, dəyişməyən bir yer var - 2-ci Alatava massivi...
 
Massivin sakinləri "Musavat.com"-a əsasən yolsuzluq problemindən şikayət edirlər, sakinlər köçürülmələrini istəmirlər, istəkləri odur ki, sadəcə, problemləri həll olunsun.
 
Məhəllə sakini Firuz Həsənov deyir ki, "Sovetski" söküləndə onların da məhəlləsinin söküləcəyini deyirdilər: "Həmin vaxt bizə dedilər ki, sizin evlər şəhərin mərkəzindən kənardadır. Ona görə də "Sovetski"də olduğu kimi mənzilin hər kvadratı üçün 1500 manat deyil, 700 manat veriləcək. Burada evlərin sahəsi onsuz da azdır. Verilən pul o zaman indikindən dəyərli olsa da, ümumilikdə aşağı idi. Ona görə də sakinlərin bir qismi narazı idilər. Ancaq düşünürdük ki, heç olmasa girişdə evlər sökülərsə yol genişlənər. Bununla da Alatavaya ən azı bir istiqamətdə geniş giriş-çıxış yolu olar. Sonradan devalvasiya da oldu, daha söküntü işləri arxa plana keçdi. İndi isə bizim bir çox problemlərimiz var".
 
F.Həsənov deyir ki, əsas problem yol problemidir, yollar çox dardır, demək olar ki, iki maşın yan-yana keçə bilmir".
 
Məhəllə sakini deyir ki,bundan əlavə qış aylarında yollar buz bağlayır, nə baxan var, nə də təmizləyən, ucqar dağ kəndləri kimi bura maşınla qalxmaq, enmək çətinləşir: "Əgər yanğın olarsa, burada yalnız evlərin külü qalar. Çünki yanğınsöndürən maşının girməsi üçün yol yoxdur. Xoşbəxtlikdən yanğın baş vermir. İllər öncə burada bir ev yanırdı. Yanğınsöndürənlər nə qədər çalışsalar da evə yaxınlaşa bilmədilər".
 
Məhəllə sakini vurğulayır ki, soyuq qış aylarında küçələr donduğu üçün təcili tibbi yardım maşını da bura qalxa bilmir, ona görə də sakinlər təcili yardım çağırmırlar. Onsuz da bilirlər ki, qalxa bilməyəcəklər".
 
Məhəllə sakini Xanım Əkbərova deyir ki, bura unudulub, nə icra başçısı, nə deputatlar bir dəfə də olsun Alatavaya gəlib, camaatın halı ilə maraqlanmayıblar. Yayda uşaqlar bu küçələrdə oynayır. Bu qədər camaatı olan yerin bir dənə parkı, uşaqların oynaması üçün yeri yoxdur.
 
X.Əkbərova deyir ki, sonuncu dəfə İcra Hakimiyyətindən bura 2013-cü ildə camaatı köçürmək məqsədilə gəliblər, layihə baş tutmayıb, ondan sonra ayaqlarını da qoymayıblar.
 

Google+ WhatsApp ok.ru