Bu gün Müsavat başqanının müavininin məhkəməsidir

Şəki Təcridxanasında saxlanılan İlqar Məmmədov məhkəməyə müraciət edir; Xədicə İsmayılın məhkəməsi yubadılır; Əliməmməd Nuriyev:

 

“Tez-tez əfv sərəncamlarının verilməsinin cəza siyasəti ilə bağlı fərqli yanaşmaları ortaya çıxara bilər”

May ayında gözlənilən əfv hələ ki reallaşmır. Novruz əfvindən sonra hakimiyyətin siyasi məhbuslarla bağlı başlatdığı müsbət prosesin davamlı olacağı barədə cəmiyyət arasında xəbərlər dolaşırdı. Bunun ilk rüşeymləri də özünü göstərirdi.

 

Belə ki, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev azadlığa buraxıldı, hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun xaricdə müalicə olunmaları üçün ölkədən çıxışlarına icazə verildi. Eləcə də “Meydan-TV” nin direktoru Emin Millinin qaynı və yazar Günel Mövludun qardaşları azad olundu. Amma bundan sonra prosesin dayandığının hər kəs şahidi oldu. Xüsusilə REAL sədri İlqar Məmmədov barədə son məhkəmə qərarı bunu açıq şəkildə göstərdi.

 

Əfv Komissiyasının iclaslarının son aylarda keçirilməməsi əfvə olan ümidləri tamamən puç edib. Komissiyanın üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a açıqlamasında tez-tez əfv sərəncamlarının verilməsinin cəza siyasəti ilə bağlı fərqli yanaşmaları ortaya çıxara biləcəyini vurğuladı: “Əfv Komissiyasının əsasnaməsinə uyğun olaraq, katiblik daimi işləyən orqandır. Hər gün ayrı-ayrı məhbuslardan, onların nümayəndələrindən müraciətlər daxil olur. Müraciətlər cənab prezidentin adına ünvanlanır. Bütün bu müraciətlər alındıqca toplanır və daha sonra onlarla bağlı müvafiq prosedurlar həyata keçirilir. Hər bir məhbus barəsində geniş arayış hazırlanmalı və sədrə təqdim olunmalıdır. Sədrin səlahiyyətinə daxildir ki, komissiyanın iclasını çağırsın. Hər bir müraciət üçün ayrıca iclasın çağırılması da düzgün olmazdı. Bu, müəyyən müddətdən sonra baş verən prosesdir. Əfvin verilməsi cənab prezidentin səlahiyyətinə aid məsələdir. Üç gün ərzində iclasın çağırılması ilə bağlı üzvlərə məlumat verilir və digər müvafiq işlər həyata keçirilir. Hesab edirəm ki, tez-tez əfv sərəncamlarının verilməsi cəza siyasəti ilə bağlı fərqli yanaşmalar yaradar. Onsuz da cənab prezident bilir ki, sərəncamı nə zaman imzalamaq lazımdır. Arzu edərdim ki, müraciət edən hər bir məhbusa bu şamil olunsun. Amma hər ay bunu etmək, məncə, doğru olmaz. Amma hər halda, yenə də deyirəm ki, prezidentə məxsus səlahiyyətdir. Bir faktı qeyd edim ki, müxtəlif illərdə Milli Məclis də amnistiya ilə bağlı qərar verə bilər. Məhbusların ölkəmizdə vaxtından əvvəl azad olunmalarının bir sıra institutları fəaliyyət göstərir. Bütün bunlar mütəmadi olaraq davam etməkdədir, qanunvericiliyin tələblərinə uyğun olaraq”.

 

Müsavat başqanının müavini Fərəc Kərimlinin mayın 10-da Ali Məhkəmədə növbəti prosesi olacaq. Bu barədə müsavat.com-a vicdan məhbusunun atası Raqif Kərimli məlumat verdi: “Fərəcin vəziyyəti yaxşıdır. Sonuncu dəfə qardaşı Sirac görüşüb. Mayın 3-də məhkəməsi təxirə salındı. Mayın 10-da növbəti proses olacaq. Məhkəmə ilə bağlı elə bir yenilik yoxdur”.

 

REAL sədri İlqar Məmmədov məhkəməsindən sonra hələ də cəzaçəkmə müəssisəsinə köçürülməyib. Hazırda o, Şəki İstintaq Təcridxanasında saxlanılır. REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova bunları dedi: “İlqar hələ Bakıya gətirilməyib. Özünün vəziyyəti normaldır. Tez-tez telefonla danışırıq. Deputatlığa namizədliyini qəbul etmədilər. Bununla bağlı əvvəl MSK-ya, sonra məhkəməyə müraciət ediləcək. Özü dedi ki, bununla bağlı məhkəməyə müraciət edilsin. Bu qərarı sakit qarşıladı. Çünki əvvəldən belə olacağını bilirdi”.

 

Araşdırmaçı jurnalist Xədicə İsmayılın Ali Məhkəmədə olacaq prosesi yubadılır. Vəkil Fariz Namazlı məhkəmənin yubadılması ilə bağlı bunları dedi: “Çox güman ki, nə edəcəklərini fikirləşirlər. Ona görə prosesi yubadırlar. Keçən həftə Xədicə xanımın özü ilə görüşdüm. Ümumi vəziyyəti normaldır. Məhkəmənin yubadılması ilə bağlı onun özü də məhkəməyə məktub yazıb. Məktubuna da hər hansı bir cavab verilməyib”.

 

Həbsdən çıxmasına 5 ay qalan sabiq səhiyyə naziri Əli İnsanovla da maraqlandıq. İnsanovun vəkili Toğrul Babayev mayın 10-da onunla həbsxanada görüşəcəyini və bundan sonra mətbuata məlumat verəcəyini qeyd etdi. /musavat.com/

Google+ WhatsApp ok.ru