Bu il meyvə baha olacaq

Bu il Azərbaycanda meyvələrin qiymətinin yüksək olacağı gözlənilir. Ölkənin müxtəlif ərazilərində havaların qeyri-sabit keçməsi, baş verən güclü yağıntılar və temperatur dəyişiklikləri meyvələrin məhsuldarlığına təsirsiz ötüşməyib. Bunun nəticəsində ölkədə meyvə bağlarından yığılan məhsulun nisbətən azalacağı və qiymətlərin yüksələcəyi gözlənilir.
 
FaktXəbər-in məlumatına görə, aqrar sahə üzrə ekspert, Quba regional Aqrar elm və informasiya məsləhət mərkəzinin direktor müavini Mədəd Qurbanov fins.az-a bildirib ki, ölkənin şimal bölgəsində 38 min hektara yaxın bank var.
 
Bu bağların 65%-i, yəni təqribən 22-23 min hektarı alma bağlarıdır. May ayında havaların rütubətli keçməsi və çoxlu yağıntının düşməsi məhsuldarlığa təsir edib. Ekspert bildirib ki, bunun nəticəsində məhsuldarlıq 25-30% azalacaq.
 
Alma bağlarında xəstəliyin yayılması da qiymətlərin artmasına səbəb olacaq: «Xəstəlik meyvənin əmtəəlik qabiliyyətini aşağı salır, ləkəli almanı heç kim almır, bu da satışa mənfi təsir edir. Nəticədə sağlam almaların qiyməti arta bilər», - deyə ekspert bildirib.
 
Havaların pis keçməsi heyvanın da məhsuldarlığına mənfi təsir edəcək. Ekspert bildirir ki, bu il heyva çiçəkləyən dövrdə bölgədə hava rütubətli keçdi və monilioz xəstəliyi yayıldı: «Bu da məhsuldarlığa böyük zərər vurdu, demək olar ki, heyvanın məhsuldarlığını 70% aşağı saldı».
 
Qeyd edək ki, eyni xəstəlik aran zonasında da geniş yayılıb və burada da heyva ağaclarına mənfi təsir edib. Nəticədə bu il heyvanın da qiymətinin artacağı gözlənilir.
 
Havaların qeyri-sabit keçməsi ərik ağaclarının da məhsuldarlığına təsirini göstərib. Martın 29-31-i günlərində güclü yağışların düşməsi və geniş yayılan monilioz xəstəliyi məhsulun 90%-ni məhv edib.
 
«Nəticədə əriyin də qiyməti bu il baha olacaq»-deyə ekspert bildirib. M.Qurbanovun sözlərinə görə, bütün məsələləri nəzərə aldıqda əriyin kiloqramının 2 manatdan ucuz olmayacağı gözlənilir.
 

Google+ WhatsApp ok.ru