Bu il qışda rayonlarda 22, Bakıda 7 dərəcəyədək şaxta qeydə alınıb

Bu il qışda rayonlarda 22, Bakıda 7 dərəcəyədək şaxta qeydə alınıb

Bu ilin qış fəslində Azərbaycanda müşahidə olunan minimal temperatur açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya deyib ki, ölkə ərazisində daha çox şaxta Böyük Qafqazın dağlıq ərazilərində, eləcə də Naxçıvan Muxtar Respublikasında müşahidə edilib. Onun sözlərinə görə, qış ərzində (dekabr-yanvar-fevral) Böyük Qafqazın dağlıq ərazilərində, eləcə də Naxçıvan Muxtar Respublikasında havanın minimal temperaturu 17-22 dərəcə arasında dəyişib: “Bakıda və Abşeron yarımadasında isə mənfi 7 dərəcəyədək şaxta (mənfi temperatur) qeydə alınıb. Belə ki, qış fəsli zamanı Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 2-7 dərəcə arasında dəyişib”. 
 
G.Məmmədova qeyd edib ki, 3 ay ərzində ölkə ərazisində yağıntılar qeyri-bərabər şəkildə bölünüb. Onun sözlərinə görə, intensiv xarakterli yağıntılar daha çox Lənkəran-Astara zonası, Mərkəzi Aran rayonları və Böyük Qafqazın bəzi ərazilərində müşahidə olunub: “Ümumilikdə, qış fəslində havanın temperaturu iqlim normasına yaxın olub. Hava şəraitindən asılı olaraq bəzi günlərdə temperaturlar 2-3 dərəcə yüksək, bəzi günlərdə isə 3-4 dərəcə aşağı olub. Əsasən, temperaturlar  iqlim norması daxilində tərəddüd edib. Ötən illərlə müqayisədə bu ilin qış fəslində qış ayları üçün rekord göstəricilər təzələnməyib”. /

Google+ WhatsApp ok.ru