Bu məktəb dağılacaq - Şagirdlər təhlükədə + Video

Bu məktəb dağılacaq - Şagirdlər təhlükədə + Video

2015-ci ildə Tovuzun Qovlar qəsəbəsinə şəhər statusu verilib. Amma şəhərdəki problemlər sakinləri narahat edir.
 
“Qafqazinfo” Region TV-yə istinadən xəbər verir ki, Sovetlər dövründə 16 ailənin yaşayışı üçün tikilən binada indi şəhərin 2 saylı orta məktəbi fəaliyyət göstərir. Burada 223 şagird təhsil alır. Valideynlər bu məktəb binasının qəzalı vəziyyətdə olmasından, günlərin bir günü uçmasından narahatdırlar. Aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, onların səsinə səs verən olmayıb.
 
Şəhər sakini deyir: “Üstü bəzək, altı təzək şəhərimizin məktəbi görün nə gündədir. Şəhərdə belə məktəb olmaz. Mən özüm burada oxumuşam, övladım burada oxuyub, bu gün-sabah nəvəm gələcək. 21-ci əsrdə belə məktəb olmaz”.
 
Ofeliya Rəhimova - valideyn: "Biz şəhərdə yaşayırıq axı. Şəhər belə olar? Deyirlər ki, divarları pazla saxlayırlar. Küylə divar olar?".
 
Hər hansı bir fövqəladə vəziyyət baş versə, məktəbdə təhsil alan şagirdlərin və məktəbin müəllimlərinin həyatı üçün ciddi təhlükə yarana bilər. Orta məktəbin rəhbərliyi isə susmağa üstünlük verir.
 
Məsələ ilə bağlı Rayon Təhsil Şöbəsinin məsul işçisi Fikrət Tağıyev deyir ki, həmin məktəbə baxış keçiriblər və müvafiq sənədləri qaydaya da salıblar.
 
Təhsil Naziriliyi isə öz növbəsində məktəb tikintisinin yerli icra orqanlarına aid olduğunu bildirib. Tovuz Rayon İcra Hakimiyyəti isə sanki dövlət sirriymiş kimi sualları cavablandırmaqdan imtina edib.
 
Mindən çox əhalisi olan Qovlar şəhərinin bir vaxtlar körpələr evi-uşaq bağçası olub. Lakin indi valideynlər məcburiyyət qarşısında qalaraq uşaqlarını Köhnəqala kəndindəki - şəhərdən kənddəki - bağçaya aparırlar. Səbəb kimi Qovlardakı bağçanın qeyri-qanuni sökülməsi göstərilir.
 

Google+ WhatsApp ok.ru