İcazəni tək SMS-lə deyil, 'E-Təbib'lə də almaq mümkün olacaq

İcazəni tək SMS-lə deyil, 'E-Təbib'lə də almaq mümkün olacaq

Məlum olduğu kimi, iyunun 19-da Nazirlər Kabineti iyulun 1-də bitməli olan xüsusi karantin rejimini avqustun 1-dək uzadıb, eyni zamanda Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində iyunun 21-dən iyulun 5-dək məhdudiyyətlər tətbiq edib.

 
Bunların arasında hərəkət azadlığına məhdudiyyətlər də yer alıb. 19 iyun qərarında vətəndaşların böyük əksəriyyətinə yaşayış yerini və olduğu yeri yalnız bəzi hallarda, həm də 8103 nömrəsinə SMS göndərməklə tərk etmək icazəsi verilib.
 
Maide.az-ın məlumatına görə, iyunun 25-də Nazirlər Kabineti 19 iyun qərarına bəzi dəyişikliklər edib.
 
Bundan sonra vətəndaşlar təkcə 8103 nömrəsinə SMS göndərməklə yox, “E-Təbib” mobil tətbiqivasitəsilə də yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə ala biləcəklər.
 
“E-Təbib” mobil tətbiqində icazələrin alınması bu qaydada həyata keçirilir:
 
– tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;
 
– mobil nömrə daxil edilərkən həmin nömrəyə geri gələn “OTP” kodu daxil edilir;
 
– giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinə daxil olunur, razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;
 
– “Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir: açılan əsas səhifədə “icazələr” bölməsinə keçd edilir;
 
– tələb olunan “FİN” kodu və doğum tarixi daxil edilir;
 
– icazənin növü seçilir (1 və ya 2);
 
– “Göndər” düyməsi sıxılır;
 
– “Təsdiq” və ya “İmtina” mesajı gələnə kimi gözləmə mesajı ekranda görünür;
 
– “Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.
 
Yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazəni 8103 nömrəsinə SMS göndərməklə və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə almaq istəyən vətəndaşlara yalnız bu hallarda razılıq verilir:
 
– təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;
 
– ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar.
 
Yaxın qohumunun dəfnində iştirakla əlaqədar icazə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etməklə alına bilər.

Google+ WhatsApp ok.ru