Dəyanət Rzayev: “Hökumət intihar hallarını araşdırmır”

Ölkədə hər gün intihar halları ilə bağlı xəbərlərin verilməsi artıq adi xəbərə çevrilməkdədir. Ekspertlər bu məsələ ilə bağlı məsul qurumların toplaşmalı olduğunu vurğulayır. Amma bu gün hökumət bu istiqamətdə hər hansı araşdırmaların aparılmasında maraqlı görünmür. Belə ki, hər gün müşahidə edilən intihar hallarının araşdırlmaması bu tendensiyanın artmasına təkan verir.
 
Sosioloq Dəyanət Rzayev Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, intihar edənlərin əksəriyyəti maddi problemlərə görə bu addımı atır: “Ölkədə hər hansı bir araşdırma aparmaq üçün müəyyən vəsaitə ehtiyac var. Bu araşdırmalar ölkədə fəaliyyət göstərən QHT-lər tərəfindən aparılır. Məlum olduğu kimi, korrupsiya ölkənin hər tərəfini, QHT-ləri də əhatə edib. Bu sahəyə ayrılan vəsait bəzi QHT-lər tərəfindən mənimsəniləcək, amma ciddi araşdırmalar aparılmayacaq. Statistika aparılarkən, bu vaxta kimi, nə qədər və hansı fəsillərdə intihar hallarının olması, ötən illərdə nə qədər intihar hallarının baş verməsi və s. kimi məsələlər araşdırılmalıdır. Bu istiqamətdə ciddi araşdırmalar aparıldıqdan sonra müəyyən addımlar atmaq olar. Bu gün intihar edən insanlara diqqət etsək görərik ki, 80%-dən çoxu sağlam insanlardır. Ölkədə intihar edənlərin mütləq əksəriyyəti maddi problemlərə görə bu addımı atır. Bank borcları olan insanlar son yol kimi canına qəsd etməyi görürlər. Məgər bu qədər borca görə, öldürülən insanlara görə, Mərkəzi Bank bir addım ata bilməzdi? İnsanlar qorxu, qeyri-müəyyənlik və ümidsizlik məngənəsindədirlər. Hər gün bir qərar verilir, sabah bu qərarlar ləğv edilir. Bu insanlarda daha ciddi gərginlik yaradır. Burada KİV-lərin üzərinə çox ciddi məsuliyyət düşür. Əhalinin üzərindən bu gərginliyi götürmək lazımdır. Əslində bu gün hökumət tərəfindən intihar hallarının araşdırmamağının bir səbəbi var. Səbəb isə bundan ibarətdir ki, intiharların səbəbləri göz qabağındadır”. /

Google+ WhatsApp ok.ru