Dərmanların baha qiymətə satılmasının iki əsas səbəbi

Bir müddət öncə Tarif Şurası Azərbaycana idxal edilən dərmanların satış qiymətlərinin tənzimlənməsi ilə bağlı qərar qəbul etdi. Qərara əsasən 10 mindən çox dərmanın bütün apteklərdə  eyni qiymətə satılması təmin olundu və qaydalara əməl etməyən işbazların inzibati məsuliyyətə cəlb ediləcəkləri açıqlandı.  Tarif Şurasının bu qərarından sonra Dövlət Gömrük Komitəsi tərəfindən dərmanlara Əlavə Dəyər Vergisi (ƏDV) tətbiq olunmağa başlandı. Qeyd edək ki, əvvəllər ölkəyə idxal edilən dərmanlara ƏDV tətbiq olunmurdu.  Qəbul edilən qərara baxmayaraq əhali dərmanların satış qiymətlərindən yenə də narazı görünür. Tələbat olan dərmanların baha, az istifadə edilən pereparatların isə Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlərlə satıldığı bildirilir.
 
Mövcud vəziyyəti İslaminSesinə şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov maraqlı faktları ortaya qoyub: “Bizə bu cür mənfi hallarla bağlı həddindən artıq telefon zəngləri gəlir. Təəssüflər olsun ki, hökumət bu sahədə effektiv nəticələr əldə edə bilmədi. Məsələn təzyiq dərmanlarından biri içərisində 28 ədəd olmaqla 43 AZN-ə satılırdı. İndi 58 manata satılır. Burdan belə nəticə hasil olur ki, hansı dərmanın yuxarı, hansının isə aşağı qiymətə satılmasında iki faktor əsas rol oynayır. Birinci istehsalçı firmanın nə dərəcədə imicli olması önə çəkilir. İkincisi isə hansı dərmanların kimlər tərəfindən bazara təqdim edilməsi vacib faktor rolunu oynayır”.
 
Eyyub Hüseynovun sözlərinə görə, hökumət baha qiymətə dərman satan əczaxana sahiblərini həbs etdirir və bu bir növ müsbət addım kimi dəyərləndirilə bilər: “ O zaman hökumət Azərbaycanda fəaliyyət göstərən “Alman” aptekinin rəhbərliyi barədə də ölçü götürsün. Çünki bu aptekdə qiymətlər 4 qat bahasına insanlara satılır. Lakin heç bir tədbir görülmür. Bu isə həmin aptekin arxasında dayanan insan faktorunun güclü olması ilə bağlıdır. Bütün bu anormal hallar aradan qaldırılmalıdır”.
 
Azad İstehlakçılar Birliyinin sədri qeyd edib ki, Tarif Şurasının qəbul etdiyi qərar kifayət qədər effektli olmadı: “Əhalinin çox böyük narazılığı mövcuddur. Eyni zamanda Tarif Şurasının aid etmədiyi dərmanlar qrupunun olması haqqında məlumatlar daxil olur. Məsələn həmin dərmanlar müxtəlif apteklərdə fərqli qiymətlərə satılır. Azad bazar iqtisadiyyatı olsa da, bu cür qiymət siyasəti digər biznes obyektlərini sıradan çıxarır. Dövlət dərman qiymətlərin aşağı düşməsini və keyfiyyətin artmasını istəyirsə, bu sahədə liberallaşma aparmalıdır. Hər bir dərman istehsalçısının Azərbaycan bazarına əlçatarlığı təmin olunmalıdır. Bu addımlar atılsa tamam liberal bazar qanunları işləyər və mövcud problemlər aradan qalxar”.
 

Google+ WhatsApp ok.ru