Dənizkənarı hasarlar, villalar söküləcək? - siyahı hazırdır amma...

Dənizkənarı hasarlar, villalar söküləcək? - siyahı hazırdır amma...

Dənizi hasarlayanları, xüsusilə qanunsuz olaraq dəniz kənarındakı villa sahiblərini yaxın zamanlarda böyük “sürpriz” gözləyir. Bu istirahət mövsümündə gündəmə gələn məsələ artıq hökumət tərəfindən müzakirə olunur. Yerli sakinlərin istirahətinə tam şəkildə mane olan bu məqam həm də Azərbaycana gələn xarici turistlərin də zövqünü korlayır. Bir növ dənizin hasarlanması əcnəbi turistləri geri itələyir. Bütün bunlar hökumət tərəfindən təftiş olunur.
 
Modern.az-ın xəbərinə görə, Xəzərin imkanlı məmurların girovluğundan geri alınması üçün ciddi işlər aparılır. Demək olar ki, söküləcək hasarlar, villaların tam siyahısı hazırdır. Bununla da imkanlı şəxslər, oliqarxlar, yüksək çinli məmurlar zəbt etdikləri ərazilərdən çıxmağa vadar olacaqlar. Bu isə əbəs yerə deyil. Belə ki, ilin əvvəlindən Azərbaycanda dəniz sahilində torpaq sahələrini icazəsiz hasarlayan şəxslərə qarşı cəza tədbirləri sərtləşdirilib.
 
Dövlət başçısı İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2015-ci il 18 dekabr tarixli qanunun tətbiqi və “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanunun tətbiq edilməsi barədə 2000-ci il 29 avqust tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Dəyişikliklərə əsasən, Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.
 
Həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına, müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma digər üsullarla bağlanması zamanı tikinti konstruksiyalarının dənizin və onun sahilində su ilə qurunun təmas xətinin görünməsinin və ya dəniz sahilində gediş-gəlişin məhdudlaşdırılması və yaxud 100 metrdən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunmaması məqsədilə fiziki şəxsləri 4 min manat, vəzifəli şəxsləri 8 min manat, hüquqi şəxsləri 40 min manat miqdarında cərimə gözləyir.
 
Bildirilir ki, bu cərimələr dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dənizin sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə də tətbiq olunacaq. Sadalanan xətalar təkrar törədildikdə, fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat cərimə ediləcək. Yaxın vaxtlarda layihənin təsdiqlənəcəyi gözlənilir.
 
Qeyd edək ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəyə və ya icarəyə verilən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 15 manatdan 25 manatadək, vəzifəli şəxslər 30 manatdan 50 manatadək, hüquqi şəxslər isə 100 manatdan 150 manatadək miqdarda cərimə edilib.
 
Bu xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 25-35 manat, vəzifəli şəxslər 60-80 manat, hüquqi şəxslər isə 150-250 manat cərimə edilib.
 
Ekspert Qubad İbadoğlu məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bu istiqamətdə dəfələrlə qərarlar olsa da, nəticəsi olmayıb: “Dəfələrlə bu məsələ ilə əlaqədar qərarlar olub. Bu məsələ müzakirəyə çıxarılıb. Amma yenə də problem həll olunmamış qalıb. İndiki halda inanmıram ki, xüsusilə də kifayət qədər bahalı böyük villalar olan ərazilərdə belə söküntü işləri aparılsın. Çünki hasarların sahibləri də, dənizə yaxın torpaqları zəbt edənlər də müəyyən təsir imkanlarına malik olan şəxslərdir. Yəni bunlar kasıb camaata məxsus deyil. Amma məsələnin qoyuluşu normaldır. Çünki dünyanın bütün dövlətlərində xalqın dənizə, okeana çıxış imkanlarını təmin etmək hakimiyyətin borcudur, edirlər də. Ən bahalı villaların qarşısında dənizlə malik olduğu mülkün arasında heç bir hasar yoxdur. Hətta hər hansı vətəndaş onun evinin qarşısında da dənizdən istifadə edə bilər, bu hüquqa malikdir. İnanmıram ki, indiki halda verilən qərar reallaşacaq. Çünki dəfələrlə bu istiqamətdə müəyyən qərarlar olsa da, yenə də problem yerində qalıb. Ola bilər ki, bəzi hallarda cərimələr nəzərdə tutulub. Bundan sonra da məsələ yenə də gündəmdən çıxacaq, adamların yadına düşməyəcək. Artıq yay mövsümündən sonra məsələ aktuallığını itirəcək”.
 
Ekspert Natiq Cəfərli isə musavat.com-a deyib ki, bəzi qərarlarla iş görmək istənildiyi görünür: “Amma orada da bir sual meydana çıxır. Belə bir vəziyyətin yaranmasının məsuliyyəti kimin üzərindədir? İllərdir ictimai rəydə, ictimaiyyət arasında, qəzetlərdə, mətbuatda dəfələrlə bu məsələ qaldırılıb. Niyə onda fikir verilməyib və vəziyyətin bu həddə gəlib çatmasına səbəb olublar? Bu vəziyyətə görə kim məsuliyyət daşıyacaq? Bundan başqa, qanunvericilik var idi ki, tikintilərin aparılması dəniz sahilindən 150 metrə qədər yaxında ola bilməz, uzaqda olmalıdır. Sonra bu, 20 metrə qədər dəyişdirildi. Gələn göstəriş əsasında bu rəqəm dəyişdirildi. Bunun məsuliyyəti kimin üzərindədir? Bu məsələlər mütləq cavabını tapmalıdır. Hər halda, görünən odur ki, müəyyən qərarlar var, qərarlılıq var. Çünki ictimai rəydə bu hasarların olması çox ciddi neqativ reaksiya doğurur. Ola bilər ki, ictimai rəyi nəzərə alaraq, xalqın düşündüyünü də edirik mesajını vermək xatirinə bəzi işlər görülsün, hasarların və tikililərin sökülməsi prosesi baş versin. Sadəcə, burada mülkiyyət məsələsi də çox önəmlidir. Yəni mülkiyyət toxunulmazlığının təmin olunması da çox önəmlidir. Qərarların hansı şəraitdə, mülkiyyət hüququnun qorunması məsələsi də önəmlidir ki, mülkiyyət hüququ varmı, onu kim verib, hansı əsasla verilib? Yəni bunlar, bu suallar çox geniş şəkildə cavabını tapmalıdır ki, yenidən belə bir problemlərlə biz üzləşməyək. Qanun hamı üçün bərabər, eyni olsun. Amma düşünürəm ki, müəyyən addımlar atılacaq, müəyyən yerlərdə bəlkə də insanlara bir mesaj vermək üçün hətta televiziyaların iştirakı ilə belə söküntü işləri həyata keçirilsin. Yaxın gələcəkdə ola bilər ki, biz bunların şahidi olduq”. (musavat.com)
 

Google+ WhatsApp ok.ru