'İdarə bu addımı siyasi hakimiyyətin sifarişinə əsasən ...'

'İdarə bu addımı siyasi hakimiyyətin sifarişinə əsasən ...'

«Bu, əlbəttə, vətəndaşların hüquqlarına müdaxilədir». Hüquqşünas Ənnağı Hacıbəyli Qafqaz Müsəlmanları İdarəsinin sentyabrın 16-da yaydığı bəyanatdan danışarkən belə deyir.
 
İdarə onu təmsil edən din xadimlərini müxalifətin bu həftəsonu keçiriləcək etiraz aksiyalarında iştirak etməməyə çağırır. Bəri başdan bəyan edir ki, kütləvi aksiyalarda iştirak edənlər barəsində qanunvericiliklə, idarənin nizamnaməsinə müvafiq şəkildə məsuliyyət tədbirləri görüləcək.
 
«Bu çağırış qanunsuzdur»
 
Ənnağı Hacıbəyli deyir ki, bütün vətəndaşların sərbəst toplaşmaq hüququ var. «Ona görə də İdarənin bu çağırışı qanunsuzdur. «Hesab edirəm ki, bu addım siyasi hakimiyyətin sifarişinə əsasən mitinq iştirakçılarının sayını azaltmaq məqsədi güdür», – hüquqşünas deyir.
 
Ənnağı Hacıbəyli hüquqi dövlətdə vətəndaşların kütləvi aksiyada iştiraka görə cəzayla hədələnməsini yolverilməz olduğunu bildirir.
 
Arif Hacılı: «Dini mövqeyindən, inancından asılı olmayaraq, hər kəs Azərbaycan vətəndaşıdır»
 
Həftəsonu – sentyabrın 17-də mitinq keçirəcək Milli Şuranın rəhbərliyi toyda olduğundan onların rəyini ala bilmədik.
 
Sentyabrın 18-də mitinq keçirəcək Müsavat Partiyasının başqanı Arif Hacılı isə bu çağırışı insan haqlarının pozulması sayır. Eyni zamanda, onu vurğulayır ki, Qafqaz Müsəlmanları İdarəsi «siyasətə qarışmamalıdır». Partiya başqanı QMİ rəhbərliyinin bu addımını «öz funksiyalarını aşaraq» siyasi məsələlərə müdaxilə kimi dəyərləndirir. «Dini mövqeyindən, inancından asılı olmayaraq, hər kəs Azərbaycan vətəndaşıdır və onun sərbəst toplaşmaq hüququ var. Bu hüququ heç kəs məhdudlaşdıra bilməz», – Arif Hacılı söyləyir.
 
Müsavat başqanı onu da deyir ki, cəmiyyət fəallaşıb və insanlar öz etirazlarını açıq şəkildə bildirməkdən çəkinmirlər. «Təbii ki, bu, hakimiyyət dairələrini narahat edir», söyləyən Hacılı QMİ-nin bu bəyanatını hakimiyyətdən gələn siyasi sifariş sayır.
 
«Müxalifət çox nahaq yerə elə hesab edir. Hakimiyyət heç kimdən, heç nədən çəkinmir». Deputat Rövşən Rzayev Müsavat Partiyası başqanının söylədiklərinə münasibəti belə oldu:
 
«Müxalifətə qanunauyğun bütün şərait yaradılıb, nə bacarırlar, etsinlər. Hakimiyyətin arxasında xalq dayanıb, xalq da özü bütün məsələlərə qiymət verə bilir».
 
Ancaq deputat QMİ-nin bəyanatından xəbərsiz olduğundan onu şərh edə bilməyəcəyini söylədi.
 
Bu il sentyabrın 26-da Konstitusiyaya dəyişiklik və əlavələrlə bağlı referendum keçiriləcək. Bu zaman Ana Qanuna 30-dək dəyişiklik təklif olunur. Onlardan ən çox diqqət çəkən prezidentlik müddətinin 5 ildən 7 ilə qədər çatdırılması, yaş senzinin ləğvi, vitse-prezidentlik institutlarının yaradılması, torpaqla bağlı bəzi müddəalardır.
 
Müxalifət bu dəyişikliklərdən sonra ölkədə monarxiya qurulacağını bəyan edir və buna görə də referenduma «yox» deyir. Ötən bazar günü sentyabrın 11-də Milli Şuranın keçirdiyi aksiyada referendumun keçirilməməsi tələb olunub.
 
Bundan sonra hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şuranı xaricdən maliyyələşməkdə ittiham edib.(azadlıq.org)
 
 
 
 

 

Google+ WhatsApp ok.ru