Devalvasiya sürünən rejimə keçib

Dekabrın 21-də baş vermiş ikinci devalvasiyadan sonra avro və dollar 19%-dən çox bahalaşıb

 
Azərbaycan Mərkəzi Bankı (AMB) son 12 ayda manatın üçüncü dəfə devalvasiyası barədə şayiələri təkzib etdiyi vaxtda milli valyuta son iki gündə dollara və avroya nisbətdə 15-20 qəpik dəyərdən düşüb.
 
"Manatın yeni devalvasiyasının olacağı barədə şayiələrin əsası yoxdur. Manatın dollara nisbətən məzənnəsi yeni məzənnə siyasəti — tələbat və təklif əsasında müəyyən edilir. Mərkəzi Bank valyuta satışını hərraclar vasitəsilə həyata keçirir", - AMB-nin cümə axşamı yaydıı bəyanatda deyilir.
 
"Bundan əlavə, bank sektorunun maliyyə davamlılığının gücləndirilməsi, o cümlədən əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi üzrə işlər aparılır", - AMB bildirib.
 
Lakin AMB-nin bəyanatlarına baxmayaraq, sürünən devalvasiya davam edir.
 
Əgər yanvarın 7-də səhər valyutadəyişmə məntəqələri və banklar dolları  1,66-1,68 manata, avronu isə  1,82 manata satırdılarsa günün sonunda xarici valyuta 5-7 qəpik bahalaşıb.
 
Yanvarın 8-də səhərdən dollar 1,82 manata satılır, 1,72 manata alınır.
 
Avro demək olar ki, 2 manata satılır, 1,85 manata alınır.
 
Beləliklə, dekabrın 21-də baş vermiş ikinci devalvasiyadan sonra avro və dollar 19%-dən çox bahalaşıb. Turan İ.A/
 

Google+ WhatsApp ok.ru