DEVAMM: `Təmsilçilik orqanları vasitəsilə insanların idarəetmədə iştirakı vektorunu daha düzgün və lazımlı bilirik`

DEVAMM: `Təmsilçilik orqanları vasitəsilə insanların idarəetmədə iştirakı vektorunu daha düzgün və lazımlı bilirik`

DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) gözlənilən referendumla bağlı mövqeyini açıqlayıb. Mərkəzin sədri İlqar İbrahimoğlunun yaydığı açıqlamada bildirilir: "Ölkənin siyasi həyatında yeni dəyişikliklər gözlənilir. Söhbət Konstitusiyamıza ediləcək dəyişikliklər barədə referendumdan gedir. Bu referendumun keçirilmə situasiyası, ediləcək dəyişikliklərin mahiyyəti barədə uzun təhlillər etmək olar. Mövzu hazırda bu deyil.
 
Aydındır ki, referenduma çıxarılacaq məsələlərin mahiyyətində ölkəmizin idarə edilməsində prezidentlik üsuli-idarəsinin gücləndirilməsi durur. Məhz bunun üzərində dayanmaq istərdik. Biz hesab edirik ki, müstəqillik uğrunda gedən mübarizənin məğzi, bu hərəkatda iştirak edən milyonlarla həmvətənimizin gözləntisi, ADR-in qurucularının bizlərə qoyduğu dövlətçilik irsi tam olaraq digər vektoru - parlamentarizmin gücləndirilməsinə yönəli sürəcin vacibliyini önə çıxarır. Bu gün Azərbaycanda faktiki olaraq, yox olmaq səviyyəsində olan siyasi fəallıq, insanların ölkədə gedən proseslərdə iştirakının ən mümkün minimumda olması kimi faktorlar tam əksini - məhz parlamentarizm ənənələrinin gücləndirilməsini, dövlətin qanunverici qolunun xüsusi tutumunun artırılmasını, azad və ədalətli seçkilərin keçirilməsini, dövlət orqanlarına effektiv ictimai nəzarətin bərqərar edilməsini, proporsional seçki sisteminin qəbulunu və əmələn, real olaraq tətbiqini tələb edir.
 
Dünyada gedən proseslər də zatən bu tezisi təsdiqləyir. Özünüidarəetmə qurumlarının siyasi həyatda xüsusi çəkisinin artırılmasından tutmuş, vətəndaşların müxtəlif təsisatlar vasitəsilə dövlətin idarə edilməsində bilavasitə və nümayəndələr vasitəsilə çeşidli iştirak formatları - dünyada siyasi sahədə müşahidə edilən ən ümdə tendensiyalardandır. Bu baxımdan, ölkəmizin də məhz bu müasir pozitiv çağırışlara qoşulmasını, gənc dövlətimizin məhz real təmsilçilik orqanlarının ümumi idarəetmədə tutumunun artırılması yönündə hərəkət etməsini düzgün və lazımlı bilirik.(deyerler.org)
 

Google+ WhatsApp ok.ru