Dini Komitənin sədri Səudiyyə səfiri ilə görüşüb

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Musaid bin İbrahim bin Abdullah Əl-Səlim  ilə görüşüb
 
DQİDK-dan Maide.az-a verilən məlumata görə, görüş zamanı səfir Musaid bin İbrahim bin Abdullah Əl-Səlim Azərbaycanda dinlərarası və məzhəblərarası münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə etmişdir. Dini radikalizm meyllərinin getdikcə daha çox gücləndiyi müasir dünyamızda ekstremist qruplara qarşı birgə mübarizə və təcrübə mübadiləsinin zəruriliyini nəzərə çatdırmışdır.
 
Mübariz Qurbanlı isə ilk növbədə, bu ilki Həcc ziyarətinin müvəffəqiyyətli təşkilinə, habelə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Səudiyyə Ərəbistanı hökumətinə minnətdarlığını bildirmişdir. Radikal və ekstremist qrupların İslamla heç bir əlaqəsinin olmadığını qeyd edən sədr hazırda İslam ölkələri arasında belə qruplaşmalara ən az azərbaycanlıların qoşulduğunu vurğulamışdır. M.Qurbanlı dini maarifləndirmənin gücləndirilməsi, radikal qrupların gəlir mənbələrinin qarşısının alınması və onlara qarşı sərt hüquqi-inzibati tədbirlərin görülməsinin radikalizmlə mübarizənin mühüm elementləri olduğuna diqqət çəkmişdir.
Görüşdə həmçinin, gələcək qarşılıqlı əməkdaşlığın və birgə layihələrin perspektivləri müzakirə edilmişdir.
 
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirmişdir.

Google+ WhatsApp ok.ru