Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədri təyin edildi

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb

Maide.az-ın interaztv.com-a istinadən məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib. İnterAz xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mübariz Qəhrəman oğlu Qurbanlı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilsin".

Mübariz Qurbanlı 1954-cü il yanvarın 7-də Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub.

O, Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tarix elmləri namizədi, dosentdir. Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin və bir neçə kitabın müəllifidir.

M.Qurbanlı 1978-ci ildən Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1985-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. Hazırda həmin universitetin dosentidir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir.

Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-cu il noyabrın 7-də yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavinidir.

Evlidir, 2 övladı vardır.

Qeyd edək ki, bundan öncə bu vəzifədə Elşad İskəndərov çalışıb. 

h.r

 

Google+ WhatsApp ok.ru