Dünyada baş verən ən ağır istehsal qəzaları

Dünyada baş verən ən ağır istehsal qəzaları

İstehsal qəzaları dünyada yüzlərlə can alıb - statistika...
 
Dünyada tez-tez istehsalat və iş qəzaları baş verir. Bu hadisələr zamanı çoxsaylı insanların həyatlarını itirmələrinin şahidi oluruq. Azərbaycan əksər məhsulları daha çox xaricdən idxal etdiyi və ölkədə istehsal aşağı səviyyədə olduğu üçün iş qəzası nəticəsində ölümlərin statistikasında böyük rəqəmlərə rast gəlinmir.
 
Lakin bir zamanlar Bakıda tikinti bumu yaşandığı ərəfədə fəhlələrin yıxılaraq ciddi xəsarət almaları və ya həyatlarını itirmələri ilə nəticələnən hadisələrin şahidi olurduq. Bundan əlavə ötən il “Günəşli” neft yatağının 10-cu platformasında qaz sızması nəticəsində baş verən güclü yanğında 30 nəfər neftçi itkin düşdü.
 
Bu kimi qəzalara dair məsuliyyətlə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin birinci hissəsində qeyd olunur:
- İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona pensiya, müavinətlər verilməsi ilə əlaqədar sosial sığorta orqanları tərəfindən çəkilən xərclərin əvəzini bütövlükdə ödəməlidir...
 
 
Bəs dünya ölkələrində bu məsələdə vəziyyət necədir?
İlk olaraq onu qeyd edək ki, noyabrın 24-də Çinin Fençen şəhər dairəsində elektrik stansiyasında soyuducu qülləsi çöküb nəticədə isə 74 nəfər dünyasını dəyişib.
Buradan çıxış edərək deyə bilərik ki, elə tarixdə ən böyük mədən qəzaları da Çində baş verib. Belə ki, tarixdəki ən çox insan ölümü ilə nəticələnən mədən qəzası 1942-ci ildə Çində baş verən qəza hesab olunur. Bu qəza nəticəsində 1549 adam həyatını itirib. 1960-cı ildə isə yenə də istehsal qəzası nəticəsində 684 adam dünyasını dəyişib.
 
1906-cı ildə Fransada da baş verən mədən qəzası nəticəsində 1099 nəfər həyatını itirib.
Yaponiya tarixinin ən çox ölümə səbəb olan mədən qəzası isə 1914-ci ildə olub. Belə ki, Kyuşu adasında Mitsubişi Hojyo kömür mədənində baş verən qəzada 687 adam həyatını itirib.
 
Ümumiyyətlə, Yaponiyada istehsal sahəsi güclü olduğu kimi burada iş əsnasında baş verən qəzalara da tez-tez rast gəlinir. Misal üçün 1963-ci ildə Yaponiyada baş verən kömür tozu partlaması nəticəsində 458 mədənçi həyatını itirib, 833 adam ağır yaralanıb.
 
19-cu əsrin ən böyük mədən qəzası olaraq tarixə keçən faciə İngiltərədə yaşanıb. Belə ki, 1866-cı ildə İngiltərədə Oaks kömür ocağında qığılcım ucbatından kömür tozu partlaması nəticəsində baş verən qəzada 361 adam həyatını itirib.
 
İstehsal qəzaları dünya gücü sayılan ABŞ-dan da yan keçməyib. Hətta ABŞ-da tarix boyu bir neçə istehsal qəzaları baş verib ki, bunun da nəticəsində yüzlərlə adam dünyasını dəyişib. Belə ki, 1860-cı ildə ABŞ-da 5 mərtəbəli Pemberton fabrikinin çökməsi nəticəsində 145 nəfər işçi həyatını itirib. 1907-ci ildə isə ABŞ-da baş verən mədən qəzası zamanı 361 mədənçi ölüb. 1927-ci ildə ABŞ-da meydana gələn fəlakətdə isə 476 işçi ölüb. Faciənin səbəbi isə, silisium maddəsini işçilərin heç bir tədbir almadan tənəffüsü nəticəsində tutulduqları “silikozis” xəstəliyi olub. Yenə də ABŞ-da Texas əyalətinin Texas şəhər limanında 1947-ci ildə süni gübrə istehsalında istifadə edilən 2 min 300 ton amonyak- nitrat olan yük gəmisində yanğın baş verib. Daha sonra baş verən partlayışda 400- dən çox adam ölüb.
 
Nyu-Yorkda “Triangle Shirtwaist” geyim fabrikində 1911-ci ildə baş verən yanğın zamanı da 145 işçi həyatını itirib.
 
Kanadada isə 1917-ci ildə baş verən partlayışı əsl faciə adlandırmaq olar. Belə ki, atom bombası partlayışından daha güclü olan bu partlayış 1917-ci ildə Kanadanın Halifaks limanında 300 ton partlayıcı daşıyan Fransa gəmisi “Mont Blanc”ın Norveç gəmisi ilə toqquşması nəticəsində meydana gəlib. 1800 insanın öldüyü və 9 mindən çox adamın yaralandığı bu partlayış kiçik bir sunami dalğası yaradacaq qədər güclü olmuşdu. Ölü sayının çox olması partlayış baş vermədən əvvəl hadisəni izləmək üçün gələnlərin çox olması ilə əlaqəlidir.
 
Dünyada bu kimi hadisələrin siyahısını bir qədər də uzatmaq olar. Ən nəhayət onu da qeyd edək ki, qardaş Türkiyədə də bu kimi hadisələr baş verib. Misal üçün 2014-cü ildə Türkiyəni matəmə qərq edən Soma faciəsi ən fəlakətli iş qəzalarından biridir. Manisanın Soma qəsəbəsində baş verən bu qəzada 301 nəfər həyatını itirib. (musavat) /

Google+ WhatsApp ok.ru