Dünyada hər 3 nəfərdən biri QHT-lərə inanmır

Dünyada hər 3 nəfərdən biri QHT-lərə inanmır

Gallup sorğu təşkilatı və “Wellcome Trust” dünyada ilk dəfə elmə və səhiyyəyə ictimai münasibəti öyrənərkən adamların xeyriyyə və qeyri-hökumət təşkilatlarına inamını da soruşublar. Dünyada yetkin yaşlıların 52 faizi ölkələrindəki xeyriyyə qurumlarına və QHT-lərə inandığını dilə gətirib.
 
Ancaq 32 faiz Gallup-a deyib ki, belə təşkilatlara inanmırlar. Baxmayaraq ki, bu qurumların əksəriyyəti çalışdıqları ölkələrdə vacib xidmətlər göstərirlər.
 
Xeyriyyə qurumları və QHT-lərə yüksək inam ifadə edən ölkələr coğrafiyasına və iqtisadi inkişaf səviyyəsinə görə dəyişir. Maltada bu göstərici 79, Ruandada 76, Filippində 74 faizdir.
 
Azərbaycanda rəyi soruşulanların 36 faizi QHT-lərə inandığını deyib. Ermənistanda 40, Gürcüstanda 44, Rusiyada 29, İranda 50 faiz bu fikirdədir.
 
Gallup qeyd edir ki, xeyriyyə və qeyri-hökumət təşkilatlarına inam Dünya Bankının müəyyənləşdirdiyi iqtisadi inkişaf səviyyəsinə uyğun çox dəyişmir. Azgəlirli ölkələrdə yaşayanların 57, yüksəkgəlirli ölkələrdə isə 52 faiz belə qurumlara inandığını dilə gətirib.
 
Bir çox ölkələrdə xeyriyyə təşkilatları və QHT-lər mal, xidmət və informasiya təminatıyla cəmiyyətdə vacib rol oynayır. Sorğu keçirənlər bildirirlər ki, adamların inamı sözügedən təşkilatların səmərəsini artıra, yaxud əngəlləyə bilər. Bu səbəbdən çalışdıqları cəmiyyətlərdə bu inamı nəzərə almalıdırlar.
 

Google+ WhatsApp ok.ru