Dollar satışı iki dəfə artıb

Dollar satışı iki dəfə artıb

 


Modern.az saytında «Banklarda nağd satılan xarici valyutanın həcmi artıb - kimlər alıb?» sualı gündəmə daşınır.

Yazıda vurğulanır ki, Azərbaycan Mərkəzi Bankı 10 ayın yekunları üzrə bankların nağd formada həyata keçirdiyi xarici valyuta ticarətinə dair məlumat açıqlayıb. Müəllif dollar satışının həcminin artması və bunun səbəbləri barədə iqtisadçı-ekspert Rövşən Ağayevlə söhbətləşib.

R.Ağayev sayta bildirib ki, ötən 2017-ci ilin 10 ayı ilə müqayisədə 2018-ci ilin eyni dövründə bankların nağd satdığı xarici valyutanın həcmi iki dəfəyə yaxın artıb: «Bütün növ xarici valyutaların satışı ötən ilin 10 ayında 1.740 mlrd. dollar olubsa, 2018-ci ilin eyni dövründə 3.375 mlrd. dollar ekvivalentində olub. Bu göstərici 2015-ci ildə - kəskin devalvasiya ilindən sonra ən yüksək göstəricidir».

Ekspertin deməsinə görə, bu ilin yanvar-oktyabr ayında satılan nağd xarici valyutanın təxminən 77.2 faizini ABŞ dolları, 19.6 faizini avro, 1.8 faizini funt sterlinq, 1.4 faizini də rubl təşkil edib.

R.Ağayev hesab edir ki, əslində bu göstəricilər dərin analiz tələb edən rəqəmlərdir: «İqtisadi fəallığın ən aşağı həddə olduğu, iqtisadi staqnasiyanın (iqtisadiyyatda çox kiçik və ya heç böyümə olmaması halı-A.R) yaşandığı, real gəlirlərin faktiki olaraq artmadığı dövrdə bütövlükdə ev təsərrüfatlarının və fiziki şəxslərin xarici valyutaya tələbatının artması real görünmür. Nağd valyutaya tələbi, əsasən, bu subyektlər təmsil edir».

Ekspert qeyd edib ki, valyutaya tələbin artmasında əsas faktor dövlət sektorunun xərclərinin ötən ilə nisbətən kəskin artmasıdır. R.Ağayev rəsmi statistikaya istinadən bildirir ki, bu ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə təkcə hökumət mənbələri üzrə investisiya xərcləri 80 faizədək artıb: «Bu xərclərin səmərəli istifadəsinə nəzarət mexanizmləri yüksək səviyyədə olmadığından müxtəlif kanallarla nağd valyuta bazarına yolu xeyli rəvandır».

 

 

Google+ WhatsApp ok.ru