DQİDK sədri Mübariz Qurbanlı İranda Ayətullah Möhsen Qumi ilə görüşüb

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İrana səfəri çərçivəsində İran İslam İnqilabının Ali Rəhbərinin katibliyinin beynəlxalq əlaqələr üzrə müavini Ayətullah Möhsen Qumi ilə görüşüb.
 
Komitədən Maide.az-a verilən məlumata görə, M. Qurbanlı görüşdə dinin hər bir cəmiyyətin ictimai-siyasi həyatında mühüm rol oynadığını deyib. Onun sözlərinə görə, Sovet İttifaqı nə qədər çalışsa da, dini insanların məişətindən çıxara bilməyib.
 
M. Qurbanlı nəzərə çatdırıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi işğal altındadır: “Təəssüf ki, ermənilər bu ərazilərdə dini abidə hesab edilən məscidlərə qarşı hörmətsiz yanaşırlar. Ermənilər tərəfindən işğal edilmiş rayonlardakı məscidlər təsərrüfat işləri üçün istifadə edilir. Bu, təkcə Azərbaycana qarşı deyil, bütün İslam dünyasına qarşı nümayiş etdirilən hörmətsizlikdir”.
 
Komitə sədri bildirib ki, ölkələrimiz zəngin təbii ehtiyatlara malikdir. Bu sərvətləri ələ keçirməyə çalışan qüvvələr iki qardaş və dost ölkə arasında nifaq salmaq istəyir.
 
M. Qurbanlı M. Qumini Bakıya səfərə dəvət edib.
 
M. Qumi bildirib ki, İran İslam İnqilabının Ali rəhbəri müsəlman ölkələri ilə əlaqələrin genişlənməsinə xüsusi önəm verir: “Azərbaycan dost və qardaş ölkədir. Biz hər zaman Azərbaycanı dəstəkləməyə hazırıq”.
 
M.Qumi nəzərə çatdırıb ki, İslam inqilabından sonra İranda insan hüquqları yüksək səviyyədə qorunur. Qadınların hüquqları isə xüsusilə diqqət mərkəzindədir. Hazırda İranın ali təhsil müəssisələrində təhsil alanların 63 faizi, dövlət idarələrində çalışanların isə 30 faizini qadınlar təşkil edir.
 
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov görüşdə iştirak edib.

Google+ WhatsApp ok.ru