Dövlət borcu durmadan artır

Dövlət borcu durmadan artır

"Novoye Vremya" qəzetində "Xarici borc artır, nə ilə ödəniləcək?" sualına cavab axtarılır.
 
Müəllif yazır ki, Azərbaycanın xarici borcu o qədər də yüksək deyil. Amma hər il borc artmaqdadır və bu məqam narahatlıq doğurmaya bilməz.
 
Yazının əvvəlində xarici borcun həcmi barədə rəsmi statistik rəqəmlərə yer verilir:
"Azərbaycanın xarici borcu bu ilin əvvəlindən 2.8 faiz artaraq iyulun 1-nə 7.1 milyard dollar təşkil edib. Adambaşına düşən xarici borcun həcmi də artaraq 1232.1 manata (təqribən 725 dollar) çatır".
 
Yazıda bildirilir ki, ümumilikdə, bu il iyulun 1-nə beynəlxalq maliyyə institutlarından 11.2 milyard dollar həcmində kredit alınmasına dair sazişlər imzalanıb. Bu da ilin əvvəlindən imzalanan müqavilələrə görə xarici borcun 285.4 milyon dollar və ya 2.6 faiz artması deməkdir.
 
Yazıda vurğulanır ki, artıq istifadə olunmuş kreditlərə görə (müqavilə üzrə daha çoxdur) xarici borc ÜDM-in 18.2 faizinə çatıb.
 
Müəllif hesab edir ki, yaxın- və ortamüddətli perspektivdə beynəlxalq kreditorlara borcların ödənilməsi asan olmayacaq. Çünki ödənişlər getdikcə artır:
"Bununla belə, yenə də kredit sazişləri bağlamaq lazım gələcək. Böhrana qədər isə dövlət borcu daha az idi. Başqa sözlə, ölkənin qızıl-valyuta ehtiyatlarının azalması xarici borcların artmasına təsir edib".
 
Yazıda vurğulanır ki, Azərbaycan bank sektorundakı böhran, ÜDM-də eniş bir çox sahələrdə maaşların verilməsində yubanmalara gətirib.
 
Müəllifi bu durumdan çıxış yolunu islahatlarda görür:
"Hökumət ən ağrılı islahatlara belə başlamalıdır. Əks halda, maliyyə durumu heç cür yaxşılaşmayacaq, amma xarici borc artacaq və borcları bizdən sonrakı nəsillər ödəməli olacaqlar". /

Google+ WhatsApp ok.ru