Dünyada xristianların cəmi 12 faizi pravoslavlardır

Dünyada xristianların cəmi 12 faizi pravoslavlardır

-- Dünya əhalisinin isə cəmi 4 faizi pravoslavlardır ki, 1910-cu ildə bu, 7% idi

Son bir əsrdə dünyada pravoslav xristianların sayı iki dəfədən çox artıb və hazırda 260 milyon nəfərə yaxındır. Təkcə Rusiyada onların sayı 100 milyonu keçib ki, bu da Sovet İttifaqının çöküşündən bəri kəskin artım sayılır.
 
Ancaq ümumi xristian əhali arasında və dünya əhalisinə nisbətdə pravoslavların sayı azalmaqdadır. Səbəb protestantların, katoliklərin və qeyri-xristian əhalinin sayının yüksəlməsidir.
 
Bu barədə “Pew” araşdırma mərkəzi hesabat yayıb.
 
XRİSTİANLARIN CƏMİ 12 FAİZİ
 
Bu gün dünyada xristianların cəmi 12 faizi pravoslavlardır. Bir əsr öncə bu rəqəm 20% idi. Dünya əhalisinin isə cəmi 4 faizi pravoslavlardır ki, 1910-cu ildə bu, 7% idi.
 
Pravoslavların coğrafi yerləşməsi də digər xristianlardan fərqlənir. 1910-cu ildə – 1-ci dünya müharibəsindən, Rusiyada bolşevik inqilabından və bir neçə Avropa imperiyasının çöküşündən öncə xristianlığın üç əsas qolu (pravoslavlar, katoliklər və protestantlar) əsasən Avropaya cəmləşmişdilər. O vaxtdan katoliklər və protestantlar qitədən kənarlara yayılsalar da, pravoslavların mərkəzi Avropa olaraq qalır.
 
Bu gün pravoslav xristianların 77 faizi Avropada yaşayır, bir əsr öncə bu rəqəm 91 faiz idi.
 
Müqayisə üçün, katoliklərin yalnız 24, protestantların isə 12 faizi Avropada yaşayır. Bu göstəricilər 1910-cu ildə uyğun olaraq 65 və 52 faiz idi.
 
Pravoslavların dünyanın xristian əhalisi içində payının azalması Avropada demoqrafik trendlərlə izah olunur. Yəni doğum səviyyəsi azalır, əhali dünyanın inkişaf etməkdə olan regionlarına – Saharaaltı Afrika, Latın Amerikası və Cənubi Asiyadakına nisbətən daha yaşlıdır. Ümumiyyətlə Avropanın əhalisi dünyaya baxanda azalmaqdadır, gələn onilliklərdə ciddi azalması gözlənir.
 
ƏSAS MƏQAMLAR
 
“Pew” araşdırma mərkəzi pravoslav xristianlığının mərkəzinin Mərkəzi və Şərqi Avropada olduğunu bildirir.
 
Efiopiyadakı pravoslav xristianların yüksək səviyyədə dindar olduğu vurğulanır, hətta keçmiş Sovet İttifaqı ərazisində yaşayan pravoslavlardan belə.
 
Pravoslav xristianlar kilsənin əsas siyasətini dəstəkləyirlər və Roman Katolik Kilsəsiylə barışığa elə də isti yanaşmırlar.(azadliq.org)

Google+ WhatsApp ok.ru