Ekspert: 'İlin sonunda qiymətlər 30 faiz bahalaşa bilər'

Ekspert: 'İlin sonunda qiymətlər 30 faiz bahalaşa bilər'

«Exo» qəzetində «2016-cı ilin sonuna kimi Azərbaycanda qiymətlər 20-40 faiz artacaq» sərlövhəli məqalə diqqəti cəlb edir.
 
Müəllif yazır ki, MDB məkanında qiymət artımına görə, Azərbaycan ilk yerdə gedir. Ekspert Nəriman Ağayev qəzetə mövzunu belə dəyərləndirib: «İlin sonuna kimi qiymətlərin 20-40 faiz arasında artması gözlənilir. Bu qiymət artımı istər ərzaq, istərsə də qeyri-ərzaq məhsullarına aiddir. Burada ancaq çörək istisna olacaq. Qiymətə artımı şübhəsiz ki, dolların məzənnəsinin artması ilə bağlıdır».
 
N.Ağayev deyib ki, 4 nəfərdən ibarət ailə əvvəllər ərzağa ayda 350 manat xərcləyirdisə, indi bu rəqəm 600 manata yüksəlib.
 
Ekspert hesab edir ki, qiymət artımı tendensiyası 2017-ci ildə də davam edəcək. N.Ağayev vurğulayır ki, hətta gələn il maaş artımı olsa belə, bu, qiymət artımı və inflyasiyanın səviyyəsi ilə müqayisə edilməyəcək.
 
Ekspertlərdən Rəşad Həsənov isə deyib ki, bəzi ərzaq və qeyri-ərzaq məhsullarına qoyulan gömrük rüsumlarının artırılması da bazarda qiymət artımına səbəb olacaq: «Bazarda qiymət artımı gözlənilir. Hələlik, ərzaq malları artır. Amma fikrimcə, qeyri-ərzaq malları da 1-2 aya bahalaşacaq. Qeyri-ərzaq mallarının qiyməti 10-15 faiz artacaq, ərzaq mallarının qiymətində artım 20-30 faiz olacaq».
 

Google+ WhatsApp ok.ru