Ekspertdən bahalaşma ehtimalı

Ekspertdən bahalaşma ehtimalı

“Redaktor.az” saytında  “Ekspert: Azərbaycanda un və çörək bahalaşa bilər- həftəsonu qadağası” sərlövhəli məqalədə ehtimal olunan problemlə bağlı müəllif keçmiş deputat, iş adamı Nazim Bəydəmirili ilə söhbətləşir.
 
İş adamı deyir ki, Azərbaycanda çörək və s. un məmulatları üçün istehlak olunan buğdanın əhəmiyyətli bir hissəsi xarici ölkələrdən gətirilir: “Azərbaycanın mövcud iqtisadi vəziyyəti özümüzü buğda məhsulları ilə təmin etməyə imkan vermir. Digər ölkələrə nisbətən çörək istehlakı bizdə daha yüksəkdir. Yəni, əhalinin qida rasionunda daha çox un məmulatları, xüsusən də çörək əsas yer tutur”, - iş adamı belə söyləyir.
 
N.Bəydəmirli deyir ki, pandemiya dönəmində xarici ölkələrin ərzaq satışına tətbiq etdiyi qadağalar artarsa, un və un məhsullarında qiymət artımının baş verməsi qaçılmaz ola bilər: “Pandemiya dönəmində bir çox ölkələr ixracı önləmək üçün bəzi məhdudiyyətlər tətbiq edirlər. Əgər buğda idxal etdiyimiz ölkələrdə  belə məhdudiyyətlər davamlı olsa, istər-istəməz zəncirvari bahalaşma baş verə bilər”.
 
İş adamına görə, Azərbaycanı ümumilikdə ərzaq ehtiyatı idxaldan asılı olan ölkə kimi qiymətləndirmək olar.
 
Həftə sonları tətbiq olunan karantin məhdudiyyətlərilə bağlı istehlak üçün çörəyin vətəndaşlar tərəfindən tələb olunduğundan çox alunması, sonra atılmasına diqqət çəkən iş adamı deyir: “Belə məsələlər gündəmə gəldikdə hökümət nümayəndələri çıxış etməlidirlər. Müasir statistikanı doğru-dürüst araşdırmalı və təqdim etməlidirlər. Vətəndaşın mütləq əksəriyyətinin hökümətin adından danışan insanlara etibarı azdır...İsrafçılıq həm də bir mədəniyyət məsələsidir. Bunu təqdim etməyin özünün yolları var, insanları maarifləndirmək lazımdır”.

Google+ WhatsApp ok.ru