Elşad Abdullayev sükutu pozdu

“Mandat alveri” qalmaqalının əsas fiquru, 2012-ci ilin dekabrın 26-da İstanbulda dünyasını dəyişən Sevinc Babayevaya aid olduğu bildirilən səs yazısı barədə yazmışdıq. 18 dəqiqəlik səs yazısında S.Babayeva ABU-nun sabiq rektoru Elşad Abdullayev barədə danışıb, eləcə də onun itkin düşmüş qardaşı Mahir Abdullayevin haqqında bilinməyənləri açıqlayıb. S.Babayeva işarə verib ki, M.Abdullayevin ortadan yox olmasında qardaşı E.Abdullayevin də izlərini axtarmaq lazımdır. Bundan başqa, o, M.Abdullayevin MTN zabiti olması barədə deyilənləri də yalan adlandırıb. Mərhum S.Babayeva onun heç vaxt rəsmi formada olmadığını, işə gedib-gəlmədiyini, bütün günü ABU-dakı otağında oturduğunu deyib.
 
Sentyabrın 24-də isə E.Abdullayev bu səs yazısı ilə bağlı hazırladığı cavabı yazılı şəkildə “Yeni Müsavat” qəzetinə yollayıb. O, iddia edib ki, mərhum Sevinc Babayevanın səsinə oxşadılan “o dünyadan göndərilən audio səsi” həqiqətə uyğun olmayan  saxta danışıqdır: “Bu saxta səs zərərçəkmişi təhdid etməyə, böhtan atmağa, şərləməyə və təzyiq altında saxlamağa hesablanmış və saxtalaşdılmış qondarma yazıdır. MTN zabiti Mahir Abdullayevin Azərbaycanda adam oğurluğu ilə məşğul olan poqonlu mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlanmasını ört-basdır etməyə xidmət edir. Sevinc Babayevanı saxta səslə ictimaiyyətə təqdim edən şəxs məhz Mahir Abdullayevi  bilavasitə oğurlayan şəxsdir”.

Google+ WhatsApp ok.ru