Eldəniz Quliyevin ölkədən çıxmasına yasaq qoyulub

Azərbaycan Ziyalılar Birliyinin sədri, müxalif Milli Şuranın üzvü, kinorejissor Eldəniz Quliyevin ölkədən çıxmasına yasaq qoyulub. “Media forum” saytı xəbər verir ki, qərar sentyabrın 10-da daxili işlər naziri Ramil Usubovun vəsatəti əsasında Nəsimi Rayon Məhkəməsində qəbul edilib.

Eldəniz Quliyev 1952-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu və Moskva Kinematoqrafiya İnstitutunun ali ssenari kursunu bitirib. Nəsr əsərləri və bədii filmlərin müəllifidir. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvüdür.

Sentyabrın 8-i Nəsimi Rayon Məhkəməsində daxili işlər naziri Ramil Usubovun Eldəniz Quliyevdən şikayəti üzrə proses başlayıb. Ramil Usubov Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında iddia qaldırıb. İddiaya səbəb Eldəniz Quliyevin yol polisi barədə yazdıqları olub. Eldəniz Quliyev “Feysbuk” səhifəsi vasitəsilə Ramil Usubova müraciət ünvanlayıb. “Moderator.az” saytında da dərc olunan müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini yazan Eldəniz Quliyev naziri konkret addımlar atmağa səsləyib.

8 sentyabr prosesində hakim Eldəniz Quliyevin “Feysbuk” statusunda gedən bəzi ifadələrin məhkəmə linqvistik ekspertizasına təqdim olunmasına qərar verib. /

Google+ WhatsApp ok.ru