Eldəniz Quliyev: “Ziyalılar Forumu fəaliyyətini dayandırıb”

Parlament seçkiləri öncəsi ölkədə fəaliyyət göstərən bir çox təşkilatların fəallaşması gözləniləndir. Düzdür, bu hələ  müşahidə olunmasa da, yaxın vaxtlarda ölkədə bu istiqamətdə fəallığın olması istisna olunmur. Vaxtı ilə ölkədə kifayət qədər ciddi insanları özündə cəm edən Ziyalılar Forumu hal-hazırda heç bir fəliyyət izi görünmür. Bu da təbii ki, müəyyən suallar yaradır. Parlament seçkiləri öncəsi bu təşkilatın hər hansısa bir aktivliyinin olub-olmayacağı da hələ ki, açıq şəkildə bildirilməyib.
 
Ziyalılar Forumunun üzvü Eldəniz Quliyev Deyerler.org-a fikirlərini bölüşərkən bildirib ki, Ziyalılar Forumu fəaliyyətini dayandırıb: “Milli Şura yaranan vaxt Ziyalılar Forumundan kifayət qədər insan bu təşkilatın yaranmasında aktiv iştirak etdi, hal-hazırda da orada təmsil olunur. Digər tərəfdən Ziyalılar Forumunun rəhbəri Rüstəm İbrahimbəyova Azərbaycanda süni maneələr yaradılıb. Onun rəhbərlik etdiyi Azərbaycan Kinomatoqrafiya İttifaqına cinayət işi açılıb. Bu kimi səbəblərdən Rüstəm İbrahimbəyov uzun müddətdir ki, Azərbaycana qayıda bilmir. Sadaladığım və sadalaya bilmədiyim bir çox səbəblər üzündən Ziyalılar Forumu hazırda fəaliyyət göstərə bilmir. Bu baxımdan Ziyalılar Forumunun seçkilərdə iştirakı müzakirə mövzusu ola bilməz.
 
Bu, Ziyalılar Forumunun ləğv olunması anlamına gələ bilməz. Ümumiyyətlə ziyalı sözü bir toxum kimidir və nə vaxtsa cücərə bilir. Ziyalılar Forumu kifayət qədər mütərəqqi fikirlərlə çıxış etdi. Problemlərin həlli yollarını göstərdi. Düşünürəm ki, Ziyalılar Forumu fiziki fəaliyyət göstərməsə də, mənəvi bəhrəsini verir. Bu baxımdan Ziyalılar Forumunun ləğv olunması ilə bağlı fikirlər düzgün seçilmiş söz deyil. Ölkədə heç kəs inkar edə bilməz ki, cəmiyyətin ziyalı sözünə ehtiyacı var. Bu baxımdan düşünürəm ki, Ziyalılar Forumu fəaliyyətini nə vaxtsa bərpa edəcək”./

Google+ WhatsApp ok.ru