Eldar Mahmudovun baş istintaqçısının həbsi tələb olundu

Eldar Mahmudovun baş istintaqçısının həbsi tələb olundu

“Mahmudovçu” müstəntiq intihara sürüklənmiş sabiq MTN zabitinin qardaşı ilə üzləşdirildi - yeni ilginc gəlişmələr
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevin həbsi tələb olunur. Ötən ilin oktyabrında MTN-dəki məlum “təmizləmələr”dən sonra azadlıqda qalanlardan biri də Mövlam Şıxəliyev oldu. 
 
Eldar Mahmudova yaxınlığı ilə tanınan, onun əsas kadrları sırasında ilk yerləri tutan M.Şıxəliyevin azadlqıda qalması “MTN işi” üzrə istintaqa kölgə salır. Sahibkarlar, ən müxtəlif peşə sahibləri qanunsuz olaraq MTN-ə aparıldıqlarını, orada İstintaq Baş İdarəsində sorğu-suala, qanunsuz həbsə məruz qaldıqlarını, böyük paralarının əllərindən alındığını deyirlər. M.Şıxəliyev həmin idarənin rəisi olaraq bu məsələlərdən xəbərsiz olması sadəcə, inandırıcı görünmür. Xəbərsiz olubsa belə o, rəhbərlik etdiyi idarədə baş verənlərə görə məsuliyyət daşıyır. Həmin əməllər isə faktiki, cinayət əməlləridir. 
 
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bir qrup əməkdaşı baş prokuror Zakir Qaralova və “Azadlıq” qəzetinə müraciət ediblər. Adlarının açıqlanmasını istəməyən xüsusi xidmət əməkdaşları müraciəti keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və MTN-in Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevlə bağlıdır.
 
Pulun 50%-i Eldar Mahmudova, 45%-i Mövlam Şıxəliyevə, yerdə qalanı isə icraçılara çatırmış!
 
DTX əməkdaşları yazır: “Eldar Mahmudovun özünün və dəstəsinin əsas simalarından olan MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin  azadlıqda qalması cəmiyyətdə narazılıqla qarşılanıb. Bu barədə mətbuatda yazılanlarla DTX-nin bəzi əməkdaşları tanış olaraq bildiririk ki, biz də həmin şəxsin cəzasız qalmasına təəccüblənirik. Həmin şəxs uzun illər ərzində daxili işlər orqanlarında, keçmiş ”OBXSS"-də əməliyyat müvəkkili işləyib və işə laqeyd münasibəti nəticəsində, korrupsiya faktlarına görə bir neçə dəfə vəzifədən azad edilib. Lakin Eldar Mahmudov kimi himayədarları yenidən vəzifəyə bərpa ediblər. Eldar Mahmudov nazir gələndə istintaq şöbəsinin rəisi vəzifəsinə təyin edilir. Bir müddətdən sonra isə baş idarə rəisi olur. Onu yalnız pul maraqlandırır və özünə dəstə yaradıb pulu olan vətəndaşları şantaj edərək pulunu alırdı. Sonra həmin puldan özünə 45 faiz, nazirə isə 50 faiz götürürdü, qalanını da dəstəsinə verirdi". 
 
Heydər Babayevin qohumundan 1 milyon dollar aldılar
 
Müraciət müəllifləri daha sonra yazır: “Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi olduğu dövrdə MTN-nin şərləyib tutdurduğu və həbsə atdırdığı adamlara hüquqi don geyindirilməsi, leqallaşdırılması da məhz bu idarədə baş tutub. Heç bir əsas olmadan müxtəlif imkanlı adamların barəsində cinayət işi qaldırılıb və onlar həbsə alınandan sonra istintaq təcridxanasında işgəncələrə məruz qalıblar. Bir müddət sonra isə onların qohum-əqrəbası hər şeylərini sataraq tələb olunan pul vəsaitini Mövlam Şıxəliyevə və onun dəstəsinə çatdırıb. Misal üçün, Vüsal Ələkbərov apardığı iş üzrə sabiq iqtisadi inkişaf naziri vəzifəsində işləyən Heydər Babayevin qohumu və yaxın adamı olan inhisarçılıq şöbəsinin əməkdaşlarını tutaraq bir müddət təcridxanada saxlayıb sonradan 1 milyon dollar alaraq sərbəst buraxmışdı. Yasin Məmmədov adlı şöbə rəisi Mövlam Şıxəliyevlə əlbir olaraq İbrahim adlı şəxsi şərləyərək 8 ay istintaq təcridxanasında saxlayıb, sonra 8 milyon dollar götürərək onu sərbəst buraxıblar. ”Texnikabank" ASC-nin sədri Etibar, işçiləri Hüseyn Səfərov, Nizami Kazımov,  Xəqani Əzimov, Hamil Rzayev, Vüqar Behbudov, Füzuli Əzimov incəsənət əşyalarının kontrabanda yoluyla ölkədən çıxarılmasında iştirak edən şəxslərin, Rauf Kərimov və yüzlərlə  digərlərin pulunu məhz Mövlam Şıxəliyevin başçılığıyla alınıb. Hədə-qorxu, şantaj, dələduzluq yoluyla  aldığı puldan nazirə külli miqdarda  pul gətirdiyi  üçün ona yüksək rütbə və “Sahil” metrostansiyasının üstündə tikilən binada 4 otaqlı mənzil verilib. Sonradan həmin binada 1 milyon 300 min manata oğlu və qızı üçün 2 mənzil alır". 
 
Xərac toplayanlara 5 otaqlı ev, toplamayanlara yataqxanada 1 otaqlı...
 
Qeyd edirlər ki, Eldar Mahmudov xərac toplayan dəstə üzvlərini bahalı hədiyyələr və ev verməklə mükafatlandırıb: “Eldar Mahmudov ona və digər dostları Nizaməddin, Təhsin Ağayev, Əli Şəfiyev, Fərhad Vahabov və digər əməkdaşlara şəhərin mərkəzində 4-5 otaqlı mənzillər verib. Halbuki, biz, MTN-nin sabiq əməkdaşları illərlə yataqxana və birotaqlı mənzillərdə məskunlaşmışıq. Bizə mənzil nədir, heç mükafat da verilmirdi”.
MTN işçilərinə xaricə səfərə getməyə qadağa qoyulsa da, Mövlam Şıxəliyev ildə 8-10 dəfə müxtəlif ölkələrə səyahət edib, beş ulduzlu otellərdə qalırmış. “Çexiya və Türkiyədə o,  villalar, mənzil və oyektlər əldə edib. Onun ölkəmizdə də obyektləri, mülk və mənzilləri var. Hər il oğlu üçün bir neçə bahalı maşınlar alır. Mövlan Şıxəliyev idarəyə rəhbərlik etdiyi dönəmlərdə yüzlərlə günahsız vətəndaşın həyatını məhv etsə də, azadlıqda gəzir. Biz DTX əməkdaşları öz adımızı qeyd edə bilmərik, Mövlam Şıxəliyevin əlləri uzundur. Lakin haqq-ədalətin bərqərar olmasına inanırıq”.
 
İntihar etmiş MTN-çinin qardaşı müstəntiqlə üzləşdirildi 
 
MTN-də öz işini ləyaqətlə yerinə yetirən əməkdaşlara qarşı aqressiv münasibətin olması, belə əməkdaşların ayrı-seçkiliyə məruz qalmaları haqda məlumatlar var. Bildirlir ki, qanunsuz əmrlərin icrasından yayınan əməkdaşlar ən müxtəlif bəhanələrlə cəzalandırılıb, heç  bir əsas olmadan töhmət verilib, işdən çıxarılıb, şərlənərək həbs olunub.  
 
Belə münasibətlə üz-üzə qalaraq intihar yolunu seçmiş MTN əməkdaşlarından biri də polkovnik Malik Mustafayev olub. M.Mustafayev qardaşına görə təqiblərə məruz qalıb. Onun ölümündən sonra yaxınları ən müxtəlif instansiyalara müraciət etsələr də, şikayətlərinə baxan olmayıb. Eldar Mahmudov tutuduğu postdan çıxarılandan və “MTN işi” üzrə istintaq başlanandan sonra M.Mustafayevin ölüm işi üzrə də araşdırmalar başlayıb. Bir neçə gün əvvəl M.Mustafayevin qardaşı Mətləb Mustafayevlə MTN-in İstintaq Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi olmuş Elşən Murtuzovla üzlədirilib. 
 
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair işlər Üzrə İstintaq İdarəsində “MTN işi” üzrə aparılan istintaq çərçivəsində baş tutan üzləşdirmə haqda gununsesi.info-ya hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Məlumatda bildirirlir ki, Elşən Murtuzov MTN rəhbərliyinin təhdidi və şantajı səbəbindən intihar edən bu qurumun polkovniki Malik Mustafayevin qardaşı, bu günlərdə həbsdən çıxan Mətləb Mustafayevlə üzləşdirilib. Sayt yazır ki, üzləşmə prosesində Mətləb Mustafayev Elşən Murtuzovu ifşa edib, onun qanunsuz əməllərini ortaya qoyub.(musavat.com)

Google+ WhatsApp ok.ru