Elçin Həsənov: “Azərbaycanda 100-dən çox siyasi məhbus var”

Siyasi Məhbusların Monitorinqi Mərkəzi 103 siyasi məhbusdan ibarət yeni siyahı açıqlayıb.
 
Martın 17-də əfv edilmiş 14 siyasi məhbusun, həmçinin cəza müddəti şərti cəza ilə əvəzlənən altı nəfərin adı (Rauf Mirqədirov, İntiqam Əliyev, Nazim Ağabəyov və üç nurçu)  yeni siyahıdan çıxarılıb.
 
Yeni siyahıda 8 jurnalist  və blogerlər var: Əbdül Əbilov, Nicat Əliyev, Xədicə İsmayılova, Seymur Həzi, Araz Quliyev, Tofiq Həsənov, Fərəc Kərimov və Rəşad Ramazanov.
 
Bundan əlavə, siyahıda bir hüquq müdafiəçisi – vəkil Əlabbas Rüstəmov, gənc fəal, NİDA  üzvü İlkin Rüstəmzadə, müxalifət fəalları İlqar Məmmədov, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli, Qədir Xudabaxışov, Elvin Abdullayev, Zeynalabdin Bağırzadə və Nazim Mahmudov var.
 
Eyni zamanda siyahıda bir qrup dindar yer alıb ki, bunlar da bir neçə yarımqrupa bölünür: “Səid Dadaşbəylinin işi”, İslam Partiyasının lideri Mövsüm Səmədovun işi üzrə həbs olunanlar, Masallıda etirazlara görə həbs edilən və “hicab məhbusları” adlandırılanlar, nurçular, ilahiyyatçılar və başqaları.
 
Bundan əlavə, siyahıya ömürlük mühakimə olunan keçmiş XTPD üzvləri Elçin Əmiraslanov, Arif Kazımov, Səfa Poladov daxil edilib.
 
Keçmiş nazirlər Əli İnsanov və Nicat Quliyevdə siyahıdadır.
 
“Nardaran hadisələri” üzrə ittiham edilən daha 25 yeni ad da buradadır.
 
Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov bildirib ki, sonuncular siyahıya Avropa Konvensiyasının 2 (işgəncələrə qadağa), 6 (ədalətli məhkəmə çəkişməsi hüququ), 9 (fikir, vicdan və din azadlığı) və digər maddələrinin pozulması ilə əlaqədar daxil ediliblər.
 
“Əslində bu iş üzrə həbs olunan çoxdur. Biz siyahıya barəsində məlumat əldə etdiyimiz şəxsləri daxil etmişik”, - o vurğulayıb. (contact.az)

Google+ WhatsApp ok.ru