Erməni truppasını Bakıya generalın oğlu dəvət edib?

“Comedy Woman”ın “Buta Palace”də konsertini təşkil edən “33 Event”in Vaqif Axundovun oğlu Murada məxsus olduğu deyilir

Rusiyada erməni əsilli şəxslər tərəfindən yaradılmış və idarə olunan Comedy Club Production şirkətinin “Comedy Woman” truppasının mayın 23-də Bakıda keçirilməsi nəzərdə tutulan konserti ləğv edilib. Hazırda “Facebook” sosial şəbəkəsində konsertə həsr olunmuş xüsusi səhifə işləmir.
Təşkilatçı qismində çıxış edən “33 Event” şirkəti isə “Comedy Woman”ın Bakı konsertinə aid bütün afişaları öz “Facebook” səhifəsindən yığışdırıb.
Məsələyə Mədəniyyət və Turizm Nazirliyinin münasibəti bildirib. “Bu tədbir nazirliyin heç bir müəssisəsində keçirilmir və konsertin mədəniyyət və turizm nazirliyi ilə heç bir əlaqəsi yoxdur”,- deyə nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov publika.az-a açıqlamasında vurğulayıb.
Əməkdar artist Tahir Imanov isə rəsmi məlumat olmadan bu xəbərin doğruluğuna inanmadığını deyib: “Bununla bağlı rəsmi məlumat yoxdursa, mən konsertin ləğv olunduğuna inanmıram. Əslində, konsertə biletlər də satılıb. Düşünürəm ki, bununla bağlı dövlət qurumları öz rəsmi etirazını bildirməlidir. Çünki bu təkcə mənim, sənin işin deyil, hamımız bu məsələdə yumruq kimi birləşməliyik. Bəlkə də, çoxlarının xəbəri yoxdur ki, o konsertin təşkilatçısı ermənidir. Buna görə də insanları ayıltmalıyıq”.
“Buta Palace”dan isə məlumatla bağlı bildirilib: “Konsert ləğv olundu. Əslində ”Buta Palace" konsertin təşkilatçısı deyildi, sadəcə olaraq, məkanı icarəyə vermişdi".
Onu da bildiriblər ki, konsertə bilet alan tamaşaçılar biletləri aldıqları kassalara təhvil verib, pullarını geri ala bilərlər.
Rusiyanın “Comedy Club”u 2003-cü ildə yaradılıb, bura Artur Canibekyan, Artak Qasparyan, Artur Tumasyan, Artaşes Sarkisyan, Qarik Martirosyan və bir çox başqalarının oynadığı “Noviye Armyane” Şən Hazırcavablar Klubu komandası daxildir.
“33 Event” şirkəti barədə isə “Azadlıq”a ilginc məlumatlar daxil olub. Məlumatda deyilir ki, bu şirkət Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri, general Vaqif Axundovun oğlu Murad Axundova məxsusdur. Murad Axundov Ədliyyə Nazirliyində işləyir. Məlumatlara görə, bir neçə il əvvəl general oğlu və dostları Azərbaycanda “Comedy Club” yaradıblar və Bakıda müxtəlif ölkələrin tanınmış müğənnilərinin, artistlərinin şou-proqramlarını təşkil ediblər. Bu tədbirlər əsasən Bakıdakı “Caz Klubda” keçirilib. Lakin sonradan Murad Axundov tədbirlərin “Buta Palace”də keçirilməsinə nail ola bilib. Yeri gəlmişkən, qeyd edək ki, “Buta Palace” hər hansı tədbirin keçirilməsi üçün ən yüksək səviyyədə razılıq alınmalıdır.

Google+ WhatsApp ok.ru