Etibar Pirverdiyevin səlahiyyətləri əlindən alındı - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev “Bakıelektrikşəbəkə” ASC-nin adının dəyişdirilərək, “Azərişıq” ASC adlandırılması ilə bağlı sərəncam imzalayıb.
 
“Azərişıq” ASC Azərbaycan ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
 
Sənəddə qeyd olunub ki, iki ay ərzində “Azərenerji” ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti “Azərişıq” ASC-yə ötürülməli, o cümlədən, istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” ASC-nin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” ASC-nin balansına verilməsi üçün tədbirlər görülməlidir.
 
Prezidentin digər sərəncamı ilə Balababa Rzayev “Azərişıq” ASC-nin sədri təyin edilib.
 
Təbii ki, Azərbaycan prezidentinin bu sərəncamı ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Belə ki, dövlət başçısının bu sərəncamı “Azərenerji”nin ümumiyyətlə ləğv edilməsi və bu qurumun rəhbəri Etibar Pirverdiyevin öz postunu itirməsi kimi qəbul edilir.
 
Ancaq bəzi məlumatlarda isə “Azərenerji” ASC-nin ləğv edilmə ehtimalının olmadığı bildirilir. Və bu qurumun bundan sonra ölkədə yalnız elektrik enerjisinin istehsalı ilə məşğul olacağı vurğulanır. Elektrik enerjisi satışına isə həm paytaxt Bakıda, həm də Azərbaycanın rayonlarında yeni yaradılmış “Azərişıq” ASC-nin nəzarət edəcəyi iddia olunur. 
 
Əlbəttə, bütün bu iddialardan hansının daha doğru olduğu yəqin ki, yaxın vaxtlarda daha aydın şəkildə ortaya çıxacaq. Ancaq istənilən halda, prezident sərəncamıyla “Azərişıq” ASC-nin yaradılmasından sonra bu sahədə ortaya çıxan yeni situasiya “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin səlahiyyətlərinin ciddi şəkildə məhdudlaşdırılması anlamına gəlir.
 
Onu da qeyd edək ki, prezidentin sözügedən sərəncamına qədər də Etibar Pirverdiyevlə bağlı hakimiyyətin ən yuxarı dairələrində ciddi narazılığın olduğu barədə məlumatlar mövcud idi. Həmin məlumatlarda “Azərenerji” ASC-nin fəaliyyətində olan ciddi qanun pozuntularının və korrupsiya faktlarının Etibar Pirverdiyevi dövlət başçısının gözündən saldığı iddia edilirdi. 
 
Bu baxımdan, həmin iddiaları da nəzərə aldıqda, prezidentin “Azərişıq” ASC-nin yaradılması barədə sərəncamını ölkənin siyasi rəhbərliyinin Etibar Pirverdiyevlə bağlı narazılığının nəticəsi kimi də dəyərləndirmək olar.(Yeni Müsavat)

Google+ WhatsApp ok.ru