ETİRAZLAR QAPINI DÖYÜR

ETİRAZLAR QAPINI DÖYÜR

 
Azadliq.info saytında dərc edilən «Ölkəni bürüyəcək kütləvi aksiyalar qapını döyür» sərlövhəli məqalədə son günlər Bakıda və əyalətlərdə keçirilən sosial xarakterli, lokal etiraz aksiyalarından söz açılır.
 
Müəllif yazır ki, Azərbaycan xalqı heç vaxt ölkə sərvətlərindən nəsibini almayıb, Azərbaycana milyardlarla vəsait daxil olanda da, xalq çətinliklər içində yaşayıb: «Ölkədə işsizlik və yoxsulluq hökm sürür, yüz minlərlə insan dolanışıq üçün xaricə pənah aparıb. Ölkə vətəndaşları uzun illərdi böhranın əhatəsində yaşayır və xoş günə həsrət qalıb».
 
Yazıda qeyd edilir ki, 2015-ci ildən sonra vəziyyət daha da pisləşib. Manatın iki dəfə kəskin ucuzlaşması, qiymətlərin artması, ixtisarların sürətlənməsi xalqı daha ağır duruma salıb.
 
Müəllif hesab edir ki, qışda vəziyyət daha ağır olacaq. Yazıda qeyd edilir ki, artıq kütləvi narazılıqların işartıları özünü göstərir: «Düzdür, bu qədər əzab-əziyyətin qarşılığında böyük etirazlar, hələ ki, yoxdur. Amma son günlər Göyçayda, Goranboyda, Xocəsəndə və Bakının müxtəlif qəsəbələrində lokal etirazlar baş verib».
 
Müəllifə görə, bu proses dönməz xarakter alacaq. Çünki əhalinin vəziyyəti yaxşılaşmaq əvəzinə getdikcə pisləşir: «Başa düşmürlər ki, sosial partlayışın təkanverici qüvvəsi müxalifət yox, hökumətin anti-xalq siyasətidir. Bu gün müxalifət funksionerlərini həbs etməklə nəticə dəyişməyəcək. Alternativləri sıradan çıxarmaq narazıların sıradan çıxarılması deyil. Ölkənin hər yerini etiraz dalğaları bürüyəndə, etirazçıları «ermənipərəst», «vətən xaini» adlandırmaq mümkün olmayacaq». /

Google+ WhatsApp ok.ru