Evlərini sığortalayanlar artacaq – CƏRİMƏLƏR GƏLİR

Azərbaycanda icbari sığortanın olmamasına görə cərimələr gələn ildən artırılacaq.
Fins.az-ın məlumatına görə, bu İnzibai Xətalar Məcəlləsinə ediləcək dəyişikliklərdə nəzərdə tutulur.Hazırda daşınmaz əmlakın icbari sığortası üzrə cərimələr fiziki şəxslər üçün 10 manat, vəzifəli şəxslər üçün 60-80 manat, hüquqi şəxslər üçün isə 150-200 manat təşkil edir.Bu dəfəki dəyişikliklərə görə isə, icbari sığorta müqaviləsi bağlamamağa görə, cərimələr fiziki şəxslər üçün 30 manat, vəzifəli şəxslər üçün 80 manat, hüquqi şəxslər üçün isə 200 manat olacaq.
 
Evlərini sığortalayanlar 5%-dən 15%-ə kimi arta bilər
 
Sığorta ekspertləri bildirirlər ki, cərimələrin artırılması evlərini icbari qaydada sığortalayanların sayını artıracaq. “AtaSığorta” şirkətinin idarə heyətinin sədr müavini Orxan Məmmədov fins.az-a bildirib ki, ölkə ərazisində 1 milyondan çox daşınmaz əmlak var. Onların yalnız 5 %-i icbari qaydada sığortalanıb: “Bu çox kiçik rəqəmdir. Müqayisə üçün deyim ki, Avropada sığortalı əmlakların sayı 70%-dən çoxdur. Bu isə onu göstərir ki, Azərbaycanda danışmaz əmlak sığortasında böyük potensial var».
 
30 manatı cəriməyə ödəməkdənsə, evlərini sığortalayacaqlar
 
O.Məmmədovun sözlərinə görə, evlərin və əmlakların sığortalanması hər iki tərəf - həm sığorta şirkətləri, həm də vətəndaşlar üçün əhəmiyyətli olacaq. Belə ki, rayonlarda evlərin icbari sığortası 30 manat təşkil edir. Bu dəfəki artımdan sonra cərimənin də məbləği 30 manat olacaq. O.Məmmədov deyir ki, belə vəziyyətdə vətəndaşlar 30 manatı cəriməyə ödəməkdənsə, sığortaya ödəyərək risklərdən qorunmağa üstünlük verəcəklər.
 
Evlərin və əmlakların sığortalanması sığorta şirkətləri üçün sərfəlidir
 
Onun sözlərinə görə, qısa zamanda olmasa da, cərimələrin artırılması ilə bir neçə ildə daşınmaz əmlak sığortasında müsbət nəticələr əldə etmək mümkün olacaq. Hətta 1-2 il ərzində evlərini və əmlaklarını sığortalayanların sayını 5 %-dən 10-15%-ə qədər yüksəltmək mümkündür. Bu isə sığorta bazarının 100-200 milyon manat arasında böyüməsi deməkdir. Avtomobil sığortası ilə müqayisədə daşınmaz əmlakla bağlı sığorta riskləri 10 dəfə aşağıdır. Ona görə də sığorta şirkətləri daşınmaz əmlakın icbari sığortasının satışlarının artmasında maraqlıdırlar. /
 

Google+ WhatsApp ok.ru