Evlərini su basanları başqa yerə köçürə bilərlərmi?

Evlərini su basanları başqa yerə köçürə bilərlərmi?

Binəqədi yolu, Zabrat gölünün ətrafı, Zabrat qəsəbəsi, Masazır ərazilərində yağışdan sonra qrunt sularının yaratdığı problemlər, bu gün də həll olunmamış qalır. Artıq iki həftədən çoxdur ki, qeyd etdiyimiz ərazilərdə insanlar yaranmış vəziyyətdən əziyyət çəkirlər.
 
Binəqədinin su altında qalmasını müxtəlif cür əsaslandıranlar oldu. Bir qrup ekspertlər hesab etdilər ki, həmin ərazilər vaxtı ilə süni şəkildə qurudulub və Şor gölünə axan suların qarşısı alınıb. Ona görə də həmin suların əraziyə yığılması nəticəsində mövcud durum yaranıb. Digər qrup ekspertlər isə bildirdilər ki, əsas məsələ ərazidə kanalizasiya sisteminin bərbadlığı və ya ümumiyyətlə, heç mövcud olmamasıdır. Mövcud vəziyyətdən çıxış yolu kimi hələlik qrunt sularının Fövqəladə Hallar Nazirliyinin xüsusi maşınları ilə çəkilməsi göstərildi.
 
Lakin məsələ ilə bağlı əsas məsuliyyəti daşıyan Binəqədi rayon İcra Hakimiyyəti heç bir açıqlama verməyib, mediadan kənar qaçırlar.
 
Binəqədi rayon sakinlərinin redaksiyamıza verdikləri məlumata görə, sular çəkilsə də, bunun qarşısını almaq mümkün olmur. Çünki bir az yağıntı olan kimi yaşayış evlərinin həyəti, küçələr yenidən suyun altında qalırlar. Problem bu gün də əvvəlki kimi həll olunmamış qalır. Bəs belə olan təqdirdə insanlar başqa yerə köçürülə bilərlərmi?
 
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov musavat.com-a bildirib ki, Binəqədiyə az həcmdə yağış da yağsa, problem yaranır: “Fövqəladə Hallar Nazirliyinin orada elə bir funksiyası yoxdur. Çünki biz gedib suyu çəkirik, növbəti gün yağış yağır, yenidən eyni vəziyyət yaranır. ”Azərsu" da bildirir ki, Binəqədinin özündə və bir çox qəsəbələrində hətta elementar çirkab sularının axması üçün də kanalizasiya sistemi yoxdur. Yəni, bu, ancaq icra hakimiyyətinin və “Azərsu”yun həll etməli olduğu məsələdir. Orada yaranan problemlə bağlı Fövqəladə Hallar Nazirliyinə aid heç bir məsələ yoxdur". /

Google+ WhatsApp ok.ru