Eyni vaxtda 2 məmuru infarkt vurdu - Azərbaycanda

İki gün əvvəl Hövsan qəsəbəsində 118 saylı orta məktəbin direktoru Qardaşxan Səlimovun 9-cu sinif şagirdlərini təhqir etməsi və buna görə qəsəbə sakinlərinin məktəbin həyətinə yığışaraq etiraz etməsi barədə xəbər vermişdik.


Qarşıdurma nəticəsində hərbi xidmətdən yenicə gəlmiş 21 yaşlı Elmar Əliyev, sağlam olduğu halda, müəmmalı şəkildə dünyasını dəyişib.
Bu gün Elmarın ölümünün 3-cü günüdür. Aktual az-ın əməkdaşı mərhumun əzizlərinin dərdinə şərik olmaq üçün yas mərasimində olub. Atası Rəcəbəli kişi, boynubükük halda, qəsəbə sakinləri ilə birgə oğlunun məzar başında idi.


Mərhumun doğmaları reportaj hazırlamağımızdan narazılığlarını dilə gətirərək, buna ehtiyac olmadığını dedilər: “Ölən öldü, qaçan gizləndi, nə mənası var? Oğlumuz vətən yolunda qurban getsəydi, o qədər təsirlənməzdik. Əksinə qürurlanardıq. Amma səbəbsiz yerə qurban getməsi ilə barışa bilmirik”. 
Biz də çox üstünə getmədik. 21 yaşlı gənci yenicə torpağa təslim etmişdilər. Bundan dəhşətlisi nə ola bilərdi?


Hövsan sakinləri mərhumun sakit təbiətli və tərbiyəli ailənin övladı olduğunu bildirdilər: "Elmarın valideynləri əzab-əziyyətlə üç oğlan övladı böyütmüşdülər. 10 gün olar ki, mərhumun hərbi xidməti başa vurub isti ocağına sağ-salamat dönməsinə sevinmişdilər. Amma bu sevinc çox çəkmədi…"


Qəsəbə sakinləri ilə  söhbətlərimizdən məlum oldu ki, Hövsan İcra nümayəndəliyinin rəhbəri Ağasəlim Əliyev və məktəbin direktoru Qardaşxan Səlimovun səhhətlərində, guya, problemlər yaranıb və onlar hazırda xəstəxanadadırlar.


Maraqlısı budur ki, deyilən fikirlərdə onların hər ikisinin infarkt keçirdikləri bildirilir. Sakinlər bildirir ki, bu şayiə, onların özləri tərəfdən, bəhanə olaraq, ortalığa atılıb və bununla da aranı sakitləşdirmək istəyirlər.


Yerli camaatın sözlərinə görə, aksiyanın keçirilməsi, əslində, Hövsan İcra nümayəndəliyinin qarşısında nəzərdə tutulmuşdu. Etirazçılar nümayəndəliyin qarşısına toplaşsalar da, Ağasəlim Əliyev aksiyanın orada təşkil olunmasına imkan verməyib.


Etiraz edən sakinləri məktəbin həyətində toplaşmağa yönləndirib. Hətta aksiyaçılara direktorun məktəbə gəlmə xəbərini də o çatdırıb. Sonradan məlum olub ki, bu hadisələr də qurma olub. Ona görə də, aksiya vaxtı etiraz edən sakinlər icra rəhbərinin avtomobilini yumruq və təpiklərlə əziblər.


Qəsəbə sakini Vüsalə xanım söhbət zamanı bildirib ki, Hövsan İcra nümayəndəliyinin rəhbəri Ağasəlim Əliyev və direktor Qardaşxan Səlimov baş verən hadisədən sonra yoxa çıxıblar: “Hər ikisi qəsəbə sakinlərini boğaza yığıblar. Milləti talan edirlər, amma onların öhdələrindən gələn yoxdur. Direktor, neçə ildir ki, camaatın əsəblərini tarıma çəkib. Dəfələrlə yiğışıb Suraxanı Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər Təhsil İdarəsinə, Təhsil Nazirliyinə direktor barədə şikayətlər ünvanlamışıq. Müraciətimizə cavab verən olmayıb. Sonda bütün bunlar ölüm hadisəsi ilə nəticələndi. Gənc oğlanın ölümü bütün qəsəbəni kədərləndirib. Bu adamlar barədə ölçü götürsünlər”.


Qəsəbə daxilində sakitlik hökm sürsə də, sakinlərin direktora qarşı qəzəblərinin, hələ də, soyumamasının şahidi olduq.


Hətta yerli sakinlərdən Ramin adlı gənc sözügedən aksiyada iştirak etməməsindən peşiman olduğunu dilə gətirdi: “Heyif ki, mən orda olmamışam, yoxsa direktor əlimdən sağ çıxmazdı. O daha bu qəsəbəyə daxil ola bilməz”.


Sözügedən qarşıdurmanın iştirakçılarından olan Niyazi Sadıqov aksiya zamanı ayağını əzib. Belə ki, direktor aradan çixmaq istəyəndə avtomobillə onun ayağının üstündən keçib. N. Sadıqov direktorla bağlı başqa bir maraqlı faktı açdı. Onun dediyinə görə, Qardaşxan Səlimov 3 il öncə Türkan qəsəbəsi 6 saylı orta məktəbdə direktor vəzifəsində çalışıb. Həmin məktəbdə də nalayiq hərəkətlərə yol verən director, sakinlər tərəfindən döyülərək oradan qovulub.


Daha sonra 118 saylı məktəbdə çalışıb: “Bu adam konkret insanları yola vermir. Camaatı hərəkətləri ilə təngə gətirmişdi. Nə qədər şikayətlər edilirdi, vecinə almırdi. Deyirdi ki, mənim yuxarıda adamım var, kimə istəyirsiz, şikayət edin. Dünənki hadisə də bunun göstəricisi oldu”.
N. Sadıqov ölən gəncin qanının yerdə qalmayacağını və direktorun həbs olunması üçün bütünlüklə qəsəbənin ayağa qalxacağını bildirdi: “Biz o gəncin qanını istəyirik. Onun qanını yerdə qoymayacağıq”!


Qeyd edək ki, Bakı Şəhər Təhsil İdarəsinin açıqlamasına görə, Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Onun polisə çağırıldığı bildirilsə də, məlumatın doğruluğu öz əksini tapmayıb. Məsələ ilə bağlı Suraxanı rayon Polis İdarəsinin 30-cu bölməsi tərəfindən hər hansı açıqlama verilmir.


Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-dən direktorun polisə çağırılmasından xəbərsiz olduqlarını bildirdilər. DİN sözçüsü bildirdi ki, bu məsələ ilə Baş Prokurorluq məşğul olur.


Baş Prokurorluğunun mətbuat xidmətinin əməkdaşı Eldar Sultanov isə bildirib ki, məsələ araşdırılır: “Araşdırmalar gedir, məsələ ilə bağlı lazım olan təqdirdə mətbuata açıqlama verəcəyik”. aktual.az /

Google+ WhatsApp ok.ru