Eyyub Hüseynov: “Su infrastrukturu o qədər köhnəlib ki, yağış, çirkab suları içməli su xəttinə qarışır”

Eyyub Hüseynov: “Su infrastrukturu o qədər köhnəlib ki, yağış, çirkab suları içməli su xəttinə qarışır”

Yay mövsümü başlayandan tez-tez redaksiyamıza müxtəlif ünvanlardan suyun tərkibinin çirkli olması ilə bağlı şikayətlər daxil olur. Gələn şikayətlərdə suyun bulanıq olması, paslı olması, qaynadıqdan sonra suyun dibində çoxlu çöküntünün olması, su krantının ucluğunda daşın yığılması kimi hallar qeyd olunur. İçməli suyun səhhətimizə mənfi təsir etdiyini deyən şikayətçilər dövlətin bu sahəyə nəzarətinin artmasını tələb edirlər.
 
Bəs görəsən, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mənzillərə verilən suyun tərkibində həqiqətənmi problem var? Bu nədən yaranır? Niyə əhalinin sağlamlığı diqqətə alınmır?
 
“Yeni Müsavat”a danışarkən bu suala cavab verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, bu dövlət qurumunun anbarlarında saxlanılan suyun keyfiyyəti ilə bağlı heç bir problem yoxdur: “Mən 4 il öncə Marseldə keçirilən 16-cı su Konqresində iştirak etmişəm. 25 min insanın çağırıldığı bir Konqresdə suyun təmizlənməsi, saxlanması barədə xeyli məlumat əldə etdim. Daha sonra gəlib həmin bilgilər əsasında ”Azərsu"nun sutəmizləyici qurğularında monitorinq keçirdim. Nəzəri baxımdan “Azərsu”nun suyu normal təmizlədiyi qərarına gəldim. Lakin su infrastrukturu o qədər köhnəlib ki, ayrı-ayrı yerlərdə tez-tez qəzalar olur. Eləcə də bəzən kənar sular, yağış suları, çirkab suları içməli su xəttinə qarışır. Bu isə infrastrukturun köhnəlməsindən irəli gəlir. Ona görə də tez-tez qəza olan yerlərdə təmir işləri gedən zaman bu hadisə baş verir. Əlbəttə, əhali haqlıdır. Krantın sonluğuna daş yığılır, palçıqlı su gəlir, təmizlənmiş su gəlib əhaliyə çatmır. Tikintiyə icazə verən dövlət qurumları ilə “Azərsu” arasında sanki bir razılaşma yoxdur. Vətəndaşdan rüşvət alıb dağın başında yerləşən bir torpaq sahəsini ona satırlar, orada ev tikməyə icazə verirlər, daha sonra hamı yığışıb tələb edir ki, “Azərsu” oraya su və kanalizasiya xətti çəksin. Belə çıxır ki, “Azərsu” insanların arxasınca getməlidir. Bu, anormal haldır".
 
Ekspertin sözlərinə görə, önəmli olan normal infrastrukturun yaradılmasıdır: “Nə qədər ki, suötürücü boruların dəyişdirilməsi baş verməyib, bu hadisələr yaşanacaq. Bu vəziyyətdən istifadə edən su filtrçiləri guya evlərdə monitorinq keçirirlər və heç bir sertifikatı olmayan, saxta yollarla düzəltdikləri filtrləri evlərə satırlar. Bizim ofisimizdə də su filtrçilərinin istifadə etdikləri suyun tərkibini yoxlayan cihazlar var. Təxminən 20 gün öncə bizim Amerikadan dönən bir əməkdaşımız Nyu-Yorkdan evlərə verilən sudan bir nümunə götürərək gətirdi. Hazırda da həmin suyun nümunələri bizim ofisimizdədir. Nyu-Yorkdan krantdan gələn su ilə Bakıda krantdan gələn suyu həmin cihazlarla təcrübə etdik, nəticələr eyni oldu. Hər ikisinin dibində tünd sarı təngdə çöküntü yarandı. Su filtrçilərinin bəsit üsullarla apardığı təcrübələr suyun tərkibi haqqında heç nə demir. Su o qədər mürəkkəb bir məhsuldur ki, hansı orqanizm üçün onun hansının yaxşı, hansının pis olmasını müəyyən etmək hələ mümkün olmayıb. Daha çox qəzalar baş verərkən mənzillərə verilən suyun tərkibində problem yaranır”.
 
E.Hüseynov vurğuladı ki, “Azərsu”nun sutəmizləyici qurğularına etibarı var: “Ancaq su xətlərindəki problem abonentin problemi deyil. Gərək hökumət bununla bağlı investisiya yatırsın, həmin xətləri yeniləsin. Bir məsələ də var ki, Azərbaycanda suyun qiyməti çox ucuzdur. Burada insanlar hamamda rahat çimə bilir. Ancaq Avropa ölkələrində, məsələn, Almaniyada belə deyil. Orada insanlar həddindən artıq qənaətlə su işlədirlər. Mən Almaniyaya qonaq getmişdim, hamamda yuyunarkən qonaq qaldığım evin sahibi çox üzr istəyərək bildirdi ki, hamamda bu qədər qalmaq olmaz, suya qənaət etmək lazımdır. Bizdə isə suyun qiyməti yetərincə aşağıdır, insanlar bunun qədrini bilməlidirlər. Ancaq su infrastrukturunun tezliklə dəyişməsi fikri ilə razıyam. Mənzillərə paylanan suda problem olmasının bir səbəbi də yeni tikililərin özünün su anbarlarının olmasıdır. Həmin anbarlarda yığılıb saxlanılan, sonradan mənzillərə paylanılan suyun keyfiyyəti normal olmaya bilər. Hətta bizdə olan məlumatlara görə, bu anbarlar təmizlənmədiyindən suyun içində ölmüş həşəratlar belə var. Mən yeni binalarda yaşayan vətəndaşlara tövsiyə edirəm ki, vaxtaşırı həmin su anbarlarına nəzarət etsinlər və heç olmasa ildə bir dəfə təmizlənməsinə nail olsunlar”.
 
Anar Cəbrayıllı isə mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, təmsil etdiyi qurumun mənzillərə verdiyi suyun keyfiyyəti ilə bağlı heç bir iradı qəbul etmir: “Bu gün ”Azərsu" Səhmdar Cəmiyyətinin müxtəlif mənbələrdən, Ceyranbatandan, Kürdən, Oğuz-Qəbələdən, Şollardan gətirdiyi suyun keyfiyyəti standartlara tam uyğundur. Bizim əhaliyə verdiyimiz suya nəzarəti Gigiyena və Epidemiologiya Mərkəzi həyata keçirir. Biz istehsalçı, emalçı və paylayıcı şirkətik. Suya dövlət nəzarətini isə bu orqan həyata keçirir. Ona görə də bu gün kim desə ki, bizim suyumuzda problem var, bu doğru deyil. Ola bilər ki, lokal xarakterli problemlər yaşansın. Ancaq bunun kütləviliyi mümkün deyil. Əsas şikayətlər suyun bulanıqlığı ilə bağlıdır. Bizim qaynar xəttimizə də gündə iki və ya üç müraciət gəlir ki, su bulanıqdır. Bu şikayətlər Suraxanıdan, Qaradağdan, Binəqədidən və başqa qəsəbələrdən gəlir. Araşdırırıq və baxırıq ki, bunlar hamısı standartlara uyğundur. Bir probılem də insanların həyət evlərinə özlərinin çəkdikləri kommunikasiya xətlərindədir. Məsələn, insanlar özləri 10 il öncə yerin üstü ilə dəmir boruda su çəkiblər. Artıq həmin boru köhnəlib və paslanıb. Ola bilər ki, bir müddət su kəsilib, sonra yenidən veriləndə həmin borunun içindəki pas suya qarışsın. Biz “Azərsu” Açıq Səhmdar Cəmiyyəti olaraq tam əminliklə deyə bilərik ki, əhaliyə verdiyimiz suyun keyfiyyəti ilə bağlı problem yoxdur".
 
Supaylayıcı şəbəkələrdə köhnəlmiş boruların suyu çirkləndirməsinə gəlincə, Anar Cəbrayıllı bu iradla razılaşmadı: “Bizim anbarlardan çıxan suyun keyfiyyəti tam normaldır. Evlərə gedən suyun də 99,9 faizində problem yoxdur, 0,1 faizində isə mən dediyim hallarda problem ola bilər. Bir də hansısa ərazidə su xəttində qəza baş verərkən, suda lillənmə ola bilər. Köhnə xətlərdə verilən suyun keyfiyyətində də problem yoxdur. ”Azərsu" bəzi ərazilərdə ötən əsrin 50-ci illərində çəkilmiş xətlərlə su paylayır. Ancaq bu o demək deyil ki, suyun tərkibi korlanır. Həmin xətlər daim təzyiq altındadır və daim su olan xətlərdə keyfiyyətlə bağlı problem ola bilməz". 

Google+ WhatsApp ok.ru