Fəhlələr və briqadirin məvacibini kimlər mənimsəyib?

Tikintidə çalışanlar kütləvi şəkildə hüquqlarının pozulduğunu deyir; «Adımın qarşısına tarixsiz, imzasız pullar yazılır...»

Şəki şəhər Baş Zəyzid kənd sakini Israil Əbdürrəhmanov “Azadlıq”a məktub göndərib. Şikayətçi məktubunda yazır:
 
“2014-cü ilin 8 fevralında mən və daha beş nəfər ”Azərsun" şirkətinə məxsus “Gold Xəyal Adası”nda podratçı təşkilat kimi çalışan “Gold Yapı Constuction Limited” MMC ilə əmək müqaviləsi bağlayıb, tikinti işinə başlamışıq.
 
Şəkidən olan işçilərdən ibarət briqadaya mən rəhbərlik etdiyim üçün fəhlələrə verilən əməkhaqqı mənim adıma qeyd olunurdu. Məndən başqa, orada 7 briqadir fəaliyyət göstərirdi və onların da ayrıca əmək müqaviləsi və işçilərinə görə hesablaşma cədvəli olub.
 
Dövlət Əmək Müfəttişliyinin 23 saylı region bölməsinin çıxardığı qərarı bu şirkət özünə uyğun şəkildə ləğv edib. Bizim müqaviləmizin olmadığı barədə yalan məlumatlar verilib. Bizi, yəni 5-6 briqadiri obyektin ofisinə çağıraraq bildirdilər ki, Əmək Müfəttişliyindən Nail Əlizadə adlı nümayəndə gəlib və bizimlə söhbət etmək istəyir. Bu şəxs bizim işlətdiyimiz adamlara VÖEN açdırmağımızı söylədi. Bu məsələyə hamı etiraz etdi. Mən ailəmizdə hüzr düşdüyü üçün Şəkiyə gedəcəyimi və qayıdandan sonra briqadamı yığıb, əməkhaqqımızı alandan sonra obyekti tərk edəcəyimizi dedim.
 
Atamın vəfat etməsi səbəbindən Şəkiyə getdim və qayıdandan sonra mənə yeni bir siyahı təqdim edildi. Türkiyə vətəndaşı Tanrıverdi Adıgözəl və digər Azərbaycan vətəndaşı olan mühasib adımın qarşısına (sənədləşmədə adım Israildir, başqa şəxslərsə məni Ilham çağırır) imzam olmadan yazılmış pulları qeyd edərək, onu mənim aldığımı deyiblər. Buna iradımı bildirəndə isə onlar məsələnin araşdırılacağını söylədilər. Lakin 2014-cü il avqustun 22-də əməkhaqqımızın 30 faizini verib bizi işdən çıxartdılar. Bu haqsızlıqlar barədə şikayət edəcəyimi bildirəndə söz verdilər ki, sentyabrın 5-də pulumuzu verəcəklər. Deyilən vaxtda ofisə getsəm də briqadamızın pulunu ala bilmədim. Bu qeyri-obyektiv siyahı briqadamın üzvləri arasında çox böyük narazılıq yaratdı.  Çünki orada adımın qarşısına tarixsiz, imzasız pullar qeyd olunub.
 
Biz “Azersun” şirkətinə məxsus olan “Gold Xəyal Adası”nda podratçı kimi çalışan “Gold Yapı Construction Limited” MMC-nin ən inamıl və hörmətli, intizamlı tikinti briqadası olmuşuq. Buna görə də əsas işlərin həllini və yeni ofislərin tikintisini bizə həvalə edirdilər. “Azersun” şirkətinin əvvəlki direktorları işimizi yüksək keyfiyyətlə aparmağımızın şahidi kimi, hər zaman bizi dəstəkləyirdilər. Lakin indiki rəhbərlik üzləşdiyimiz haqsızlığa göz yumdu.
 
Məsələylə əlaqədar yuxarı instansiyalara müraciət etmişik. Lakin ərizələrimizi 23 saylı region Əmək Müfəttişliyi cavablandırır.
 
3 oktyabr tarixində gecə saat 12-də şirkət 7 briqadirin hamısına maaşlar verilsə də, bizim briqadaya heç bir şey verilmədi. Bu məsələylə maraqlananda da dedilər ki, hara istəyirsən, şikayət et. Həmin vaxtdan sonra - 16 oktyabrda əlaqədar təşkilata şikayət etmişəm və hər yerdə bizi haqsız çıxarıb süründürməçiliyə yol veriblər. Mən və briqadamın işçilərinin haqqı tapdanaraq insan və əmək hüququmuz kobud şəkildə pozulub. Əlaqədar orqanlar isə buna göz yumur.  2015-ci ilin 20 fevral və 02 iyul tarixlərində prezident Ilham Əliyevə, iyulun 24-də isə Mehriban Əliyevaya  məktublar yazıb şikayətimizi bildirdik. Heydər Əliyev Fonduna etdiyimiz müraciətə cavab olaraq, ərizəmizin baxılmaq üçün Dövlət Sosial Müdafiə Fonduna göndərildiyi bildirildi. Fond ərizələrimizin ora daxil olmadığını bildirir. Biz mətbuat vasitəsilə haqq-ədalətin yerini tapmasını, səsimizin eşidilməsini xahiş edirik. Bu dəfə də səsimizi eşidən olmasa, kollektiv şəkildə televiziya vasitəsilə dövlət başçısına sözümüzü deyəcəyik".

Google+ WhatsApp ok.ru