Facebook saxta informasiyaları işarələyəcək

Facebook saxta informasiyaları işarələyəcək

Facebook sosial şəbəkəsi saxta məlumatların yayılmasının qarşısını almaqdan ötrü tədbir görməyə başlayıb.
 
İstifadəçilər bundan sonra Facebook-da gördükləri məqalələrin saxtalığını işarəylə qeyd edə biləcəklər. Bu isə Facebook-un həmin məlumatın saxta olub-olmadığını araşdırmasına səbəb olacaq.
 
Sosial şəbəkə informasiyaların həqiqiliyini «Snopes», «ABC News», «Assosiated Press» kimi orqanlarla yoxlamağı planlayır. Hansısa məqalənin saxta olduğu aşkara çıxarıldığı halda Facebook həmin məqaləni «mübahisəli» kimi işarələyəcək.
 
«Mübahisəli» məqalələr xəbər lentinin sonunda görünəcək və «mübahisəli» işarəsi əlavə olunandan sonra irəli keçirilə bilməyəcək.
 
Facebook-un bu tədbirinə səbəb ABŞ-da seçki kampaniyası zamanı sosial şəbəkədən sui-istifadə barədə ittihamlardır.
 
Kampaniya zamanı məhz Facebook-da Roma papasının D.Trump-a xeyir dua verməsi, H.Clinton-la bağlı araşdırma aparan federal agentin cəsədinin tapılması barədə yazılar yayılmışdı.
 
Vaşinqton Dövlət Universitetinin bir professorunun araşdırması nəticəsində məlum olub ki, ölmüş FBI agentiylə bağlı xəbər adi qəzet məqalələri ilə müqayisədə min dəfə artıq paylaşılıb.
 
Facebook-un icraçı direktoru Mark Zuckerberg sosial şəbəkədə yayılan saxta məlumatların D.Trump-ın seçilməsinə yardım etməsi barədə deyilənləri «ağılsız fikir» adlandırmışdı.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru