FİTNƏ-FƏSADLARIN KÖKÜ

İmam Əli (ə) buyurmuşdur:

انَّما بَدْءُ وُقُوعِ الْفِتَنِ اهْواءٌ تُتَّبَعُ، وَ احْكامٌ تُبْتَدَعُ، يُخالَفُ فيها كِتابُ اللَّهِ وَ يَتَوَلّى‏ عَلَيْها رِجالٌ رِجالًا عَلى‏ غَيْرِ دينِ اللَّهِ؛

“(Camaat arasında) fitnə-fəsadın mənşəyi nəfsi istəklərə tabe olmaq və şəriətə zidd çıxarılmış hökmlərdədir. Allahın kitabı (Qurani-Kərim) belə istək və hökmlərin əleyhinə olmuşdur. (Eyni zamanda, fitnə-fəsad vasitələrindən biri də budur ki,) camaatın bir hissəsi dinə zidd istək və hökmlərdə başqalarına yardım edir, onların ardınca gedir. (Haqq ilə batili bir-birinə qatdıqlarına görə fitnə-fəsad yaranır.)

(“Nəhcül-bəlağə”, xütbə 50.)

 

ŞƏRH VƏ TƏFSİR

“Fitnə” sözü bəzən imtahan və sınaq, bəzən də cəza və işgəncə mənasını daşıyır. Qurani-Kərimdə buyurulur:

يَوْمَ هُمْ عَلَى النَّارِ يُفْتَنُونَ

“O gün onlara (zülmkarlara) cəhənnəm odunda əzab veriləcəkdir.” (“Zariyat” surəsi, ayə 13.)

Sözügedən hədisdə isə, cəmiyyətn ruhi-psixoloji gərginlik və narahatlığına səbəb olan ağır ictimai hadisələr nəzərdə tutulur. Əlbəttə, bu söz, qeyd etdiyimiz kimi, imtahan və sınaq mənasında da işlənmişdir ki, adətən, müsibət və çətinliklərlə birgə olur.

İmam Əli (ə) bu xütbədə ictimai fitnələrin mənşəyi ilə bağlı belə buyurur: “Fitnə-fəsadın iki mənşəyi var: 1. Nəfsi istəklərə uymaq; 2. Allahın kitabına zidd və nəfsi istəklərə uyğun verilən hökmlər.”

Bu hədisdən başa düşülür ki, insanlar arasındakı səliqə ixtilafı təklikdə fitnə-fəsada səbəb olmur, çünki bu, onların arasındakı dəri fərqliliyi kimi zəruridir. Hətta fitnə-fəsad mənşəyi fərd və qrumların səhvləri yox, əksinə bütün fitnə-fəsadların mənşəyi müxtəlif şəkillərdə, bəzən bəşər hüququ, bəzən geyim azadlığı, bəzən məzlumlardan himayə, bəzən məsuliyyət hissi, bəzən də ibadət adı ilə baş qaldıran nəfsin istəkləridir.

“Kəhf” surəsinin 103-104-cü ayələrində bu haqda belə buyurulur:

قُلْ هَلْ نُنَبِّئُكُمْ بِالْأَخْسَرِينَ أَعْمَالًا. الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا

“(Ya Peyğəmbər!) De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlarından xəbər verimmi?” O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.

Bir rəvayətdə Peyğəmbəri-Əkrəm (s) yaxşı işlərin çirkin və çirkin işlərin isə yaxşı zənn edildiyi bir dövrün gləcəyindən söz açmışdır. (“Vəsailuş-şiə”, 11-ci cild, “əmr və nəhy” bölümü, 1-ci bölüm, hədis 12.)

Təəssüf ki, çağdaş dünyamızda belə hallar az deyildir. Misal üçün, əmanətdar, sədaqətli və öz halal haqqına qane olan insan tənbəl, xəyanət və oğruluqla məşğul olaraq az müddət ərzində ev və avtomobil sahibi olan insan isə zirək və cəsarətli adlanır! Bəli, müasir dövrümüzdə bəzən yaxşı işlər pis, pis işlər isə yaxşı adlanır!

Rza Şükürlü

Google+ WhatsApp ok.ru