Gəncədə Elmar Vəliyevin qatıldığı əmək yarmarkasında qarşıdurma olub- VİDEO

Yarmarkaya qatılan və iş yerlərinin az olmasından şikayət edən insanlarla polislər arasında gərginlik yaşanıb. Polis əməkdaşları bir neçə nəfəri həbs etməyə cəhd etsələr də, yerli əhalinin müdaxiləsi nəticəsində qarşısı alınıb
Bu gün Gəncədə iş yarmarkası keçiriləcəyi elan olunduğundan insanlar YAP Gəncə təşkilatı önünə toplaşıblar. Lakin, gələnlərin sayı çox olduğundan İcra Başçısı Elmar Vəliyevin yarmarkanı təxirə saldığı bildirilir. İcra başçısının bu addımı gəncəlilələr tərəfindən etirazla qarşılanıb.
Maide.az xəbər verir ki, bu barədə “İslaminSesi”nə yarmarkaya qatılan gəncə sakinləri məlumat veriblər. Onların sözlərinə görə, Elmar Vəliyev yarmarkada 50 nəfər üçün vakansiya elan olunduğunu bildirərək əhalinin evinə getməsini istəyib:
“Elmar Vəliyev maşına minib getmək istəyərkən adam çoxluğundan yollar bağlanmışdı. İcra başçısı avtomobildən düşərək bildirdi ki, gələn həftə növbəti dəfə yarmarka təşkil edilərək əhali üçün daha çox iş yerləri təklif ediləcək.”
Hadisə şahidləri eyni zamanda onu da qeyd etdilər ki, yarmarkaya qatılan və iş yerlərinin az olmasından şikayət edən insanlarla polislər arasında gərginlik yaşanıb. Polis əməkdaşları bir neçə nəfəri həbs etməyə cəhd etsələr də, yerli əhalinin müdaxiləsi nəticəsində qarşısı alınıb./

Google+ WhatsApp ok.ru