Gələn il yanvarın 1-dən 36 şəhər və rayonda icbari tibbi sığortanın tətbiqinə başlanacaq

Gələn il yanvarın 1-dən 36 şəhər və rayonda icbari tibbi sığortanın tətbiqinə başlanacaq

 İcbari tibbi sığortanın bütün respublikada tətbiqi ilə bağlı islahatlar həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarına əsasən 2021-ci il 1 yanvar tarixindən 36 şəhər və rayon - Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul sözügedən sistemə qoşulacaq.
 
Bu haqda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, 2021-ci il 1 aprel tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcək.
 
Məlumat üçün bildirək ki, 2020-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta 23 inzibati ərazidə (Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında) tətbiq edilir.

 

Google+ WhatsApp ok.ru