Gizirin anası: `Ölümündən sonra xəbər tutumuşuq ki...`

Gizirin anası: `Ölümündən sonra xəbər tutumuşuq ki...`

"Cəlalın ölümündən sonra xəbər tutduq ki, banka 11 min manat borcu qalıb. Bizim xəbərimiz olmayıb, Cəlal bankdan xeyli pul götürüb hərbi hissənin maşınlarını təmir etdiribmiş. Hərbi hissə rəhbərliyi bunu ona niyə elətdirib? Dövlət bu işlərə görə hər il milyonlarla pul ayırır, hərbçi bankdan kredit götürüb hərbi hissənin texnikasını niyə təmir etdirməliydi? Tələbim odur ki, prokurorluq bu müəmmalı işi araşdırıb ortaya çıxarsın".
 
Bunu AzadlıqRadiosu-na bu ilin martında hərbi hissədə dünyasını dəyişmiş hərbçi-gizir Cəlal Mənsimovun anası Adilə Mənsimova deyir.
 
“NƏŞİ AÇIB BAXMAĞA İMKAN VERMƏDİLƏR”
Saatlının Mollaavazlı kəndinin sakini olmuş Cəlal Mənsimov 2002-ci ilin mayından ordu sıralarında gizir rütbəsində çalışıb. Qüsursuz xidmətlərə görə müxtəlif illərdə Müdafiə Nazirliyinin bir neçə fəxri fərmanı ilə təltif olunub. Bu il fevralın sonunda məzuniyyətdən Ağcabədidəki N saylı hərbi hissəyə qayıdan gizirin ailəsinə 3 gündən sonra ölüm xəbəri verilib. Ancaq ailə üzvləri bu hadisədən sonra AzadlıqRadiosu-na Cəlalın ölümünün səbəblərinin onlar üçün qaranlıq qaldığını bildiriblər. Hazırda da ailə bu fikrində qalır. Hərbçi anasının gileyi bir deyil, iki deyil...:
 
"Atasının ildönümünə görə gəlmişdi. Hələ məzuniyyəti başa çatmamış kimsə hərbi hissədən zəng vurub təcili geri qayıtmasını tələb edirdi. Getdi, sapsağlam getdi... 3 gündən sonra ölüm xəbəri gəldi... Bizə dedilər ki, Cəlalın təzyiqi qalxıb, əvvəl burnundan qan açılıb, qəfil yerə yıxılıb və keçinib. Bizə sonadək nəşi açıb baxmağa imkan vermədilər. Beləliklə də oğlumun əslində hansı səbəbdən öldüyü bu günədək də müəmmalı qaldı. Bu, bir tərəfə... normal ölkələrdə 15-20 il qüsursuz xidmət etmiş, dəfələrlə fəxri fərmanlara layiq görülmüş və hərbi hissədə ömrünü tapşırmış hərbçinin məzarını hər gün gül-çiçəyə tutardılar. Ancaq gəlin baxın, Cəlalın məzarı hansı vəziyyətdədir... Müdafiə Nazirliyinin 5 aydan çox müddətdə bir hərbçinin məzarının üstünü götürməyə hünəri çatmır".
 
“NİYƏ HƏRBİ HİSSƏNİN MAŞINLARINI OĞLUM DÜZƏLTDİRİB?”
Ana deyir, üstəlik, ölümündən sonra onun banklardan birinə xeyli borcu olması üzə çıxıb:
"Bu azmış kimi, oğlumun ölümündən sonra onun banklardan birinə 11 min manat borclu olduğu üzə çıxıb. İndi bank o pulu zamindən alır. Bu məsələdən bircə Cəlalın həyat yoldaşının xəbəri olub. Cəlal götürdüyü pulu hərbi hissənin maşınlarının təmirinə xərcləyib. Oğlum hər ay aldığı maaşı banka keçirirmiş. Biz bilmək istəyirik ki, hərbi hissə rəhbərliyi oğlumu niyə bu işə sövq edib? Nə baş verib ki, oğlum ailəsindəki durumun ağırlığını bilə-bilə bu işə gedib, aldığı maaşı da qəpiyinəcən kreditə görə banka ödəyib? Oğlumu buna nə vadar edib, kim vadar edib? Orduya bu qədər maliyyə ayrıldığı vaxtda niyə hərbi hissənin maşınlarını oğlum düzəltdirib? Hazırda da onun borcunu ehtiyac içərisində yaşayan zamindən tuturlar".
 
Ana istintaq orqanlarından ölümün əsl səbəblərinin və bankdan götürülmüş kreditlə bağlı müəmmaların araşdırılmasını tələb edir.
 
Baş gizirin ölüm faktıyla bağlı Bərdə hərbi prokurorluğunda araşdırma aparılır. Prokurorluqdan AzadlıqRadiosu-na bildirilib ki, mərhum gizirin ailə üzvlərinin hər hansı şübhələri varsa, istintaqı aparan müstəntiqə bildirməkdə sərbəstdir. İstintaq orqanı istənilən şübhəni araşdırmağa hazırdır.  /

Google+ WhatsApp ok.ru