`Günəşli` yatağındakı yanğın davam edir -YENİLƏNİB

SOCAR və "Azneft" İstehsalat Birliyinin rəhbərliyi, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər. Bunu Trend-ə “Günəşli” yatağındakı 10-cu özüldə baş verən yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan deyiblər.

Qərargahdan qeyd ediblər ki, yataqda yanğın davam edir, çünki güclü külək və yüksək dalğalar səbəbindən onun söndürülməsi çətinləşir. İnsan itkisi yoxdur, bütün personal dənizdə xilasetmə qayıqlarındadır. Personalın təxliyyə edilməsi üzrə işlər aparılır.

**
Günəşli” yatağındakı 10-cu özüldə baş verən yanğın hal-hazırda davam edir. Hadisə ilə əlaqədar yaradılan qərargahdan Trend-ə verilən məlumata görə, hal-hazırda SOCAR rəhbərliyi hadisə yerinə gedir.
 
Məlumata əsasən, özüldə olan işçilər yanğın yerindən təxliyə olunub, və onların vəziyyəti yaxşıdı. Onlar hələ də dənizdə xilasetmə qayıqlarda və gəmidə qalıblar.
 
Yanğın nəticəsində heç bir insan itkisi yoxdur.  bunu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ANS TV-yə bildirib.
 
O deyib ki, yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.
 
“Günəşli” yatağındakı 10-cu özüldə yanğın baş verib.
 
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.
 
İlk növbədə, özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlərə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır.
 
Buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsilə təxliyə işləri həyata keçirilir.
 
Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb.
 
Ölən və xəsarət alanlar barədə hələ məlumat yoxdur.
 
Mənbə qeyd edib ki, yanğın hələ davam edir. Hündürlüyü 10-11 metrə çatan dalğalar yanğınsöndürmə işlərinə mane olur. /

Google+ WhatsApp ok.ru